Ukrayna paytaxtı Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Avroviziya 2017” mahnı müsabiqəsi start götürüb. Novator.az-ın məlumatına görə, mayın 9-da keçirilən birinci yarımfinalda “Skeletons” mahnısını ifa edən (Video) Azərbaycan təmsilçisi Diana Hacıyeva finala çıxıb.
Diana Hacıyeva 1989-cu ildə Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının məzunudur.
Novator.az bildirir ki, Moldovadan “SunStroke Project” qrupu, Yunanıstandan Dmitra Papadeya, İsveçdən Robin Benqtsson, Portuqaliyadan Salvador Sobral, Polşadan Katarjina Mos, Ermənistandan Arsvik Arutunyan, Avstraliyadan İsayya Fayrbreys, Kiprdən Ovik Dəmirçyan, Belçikadan Elli Delvo da finala adlayıblar.
İkinci yarımfinal mayın 11-də, final mayın 13-də keçiriləcək.
Azərbaycan Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” musiqi yarışına 2008-ci ildən qatılır. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yerdə, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yerdə, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yerdə, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yerdə, 2012-ci ildə Səbinə Babayeva 4-cü yerdə, 2013-cü ildə Fərid Məmmədov 2-ci yerdə qərarlaşıb.
Sonrakı üç ildə Azərbaycan “Avroviziya” musiqi yarışında ilk onluğa keçə bilməyib. 2014-cü ildə təmsilçi Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri tutub.