Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini davam etdirən işğalçı Ermənistan Respublikasının prezidenti Serj Sərkisyan mayın 9-da Şuşanın ələ keçirilməsinin 25 ili mərasimlərinə qatılıb.
Novator.az-ın məlumatına görə, Serj Sərkisyan Ermənistan rəsmiləri və Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə birgə Xankəndidə keçirilən yürüşə rəhbərlik edib.
Xankəndidəki mərasimin bəzi iştirakçıları sonra Şuşaya gediblər. Serj Sərkisyan Şuşanın mərkəzi meydanında keçirilən konsertə tamaşa edib, incəsənət və əl işləri sərgisi ilə tanış olub.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan rayonunun (Şaumyan rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir) ərazisini “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər bir-birinin ardınca ermənilərin əlinə keçib.
Noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Parlament tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib.
1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhəri işğal edilib. İşğal zamanı 613 nəfərin həyatına son qoyulub. Mayın 8-9-da Şuşa şəhəri işğal olunub. Mayın 17-də Laçın şəhəri işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib.
İyunun 14-də keçmiş Şaumyan rayonu erməni işğalından tam azad edilib. İyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçib, sonra rayonun böyük hissəsi azad olunub, Tərtər-Kəlbəcər yolu açılıb.
Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilib.
1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürüb, Tərtər-Kəlbəcər yolu yenidən bağlanıb. Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçib.
İyunun sonu, iyulun əvvəli ermənilər Ağdərə şəhərini yenidən zəbt edib. İyulun 23-də Ağdam şəhəri, avqustun 23-də Füzuli və Cəbrayıl rayonları, avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu, oktyabrın 29-da Zəngilan rayonu işğal edilib.
1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilib.
Mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi imzalayıb.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edib…