Ötən həftəsonu Rusiya və Ukraynanın milli futbol çempionatlarında qaliblər müəyyənləşib. Novator.az-ın məlumatına görə, Rusiya çempionatında Moskva “Spartak”ı sona 3 tur qalmış 63 xalla ən yaxın izləyici SSKA-nı (Moskva) 10 xal qabaqlayaraq qızıl medallara sahib çıxıb.
Ukraynada isə “Şaxtyor” (Donetsk) çempionatın sonuna 4 tur qalmış 75 xalla adını zirvəyə həkk edib. İkinci yeri tutan Kiyev “Dinamo”su çempiondan 14 xal geridədir.
İngiltərədə çempion olmağa iki komanda iddia edir. Hələ ki, 81 xalla “Çelsi” öndədir. “Tottenhem” 77 xalla ikinci pilləni tutur. “Çelsi”nin 4, “Tottenhem”in 3 oyunu qalır.
İspaniya çempionatında sona 2 tur qalmış “Barselona” 84 xalla zirvədədir. Bir oyun az keçirən “Real” da 84 xal toplayıb.
İtaliyada sona 3 tur qalmış “Yuventus” liderlik edir. Komandanın 85 xalı var. “Roma” 78 xalla ikinci, “Napoli” 77 xalla üçüncüdür.
Fransada sona 2 tur qalmış ehtiyatda bir oyunu olan “Monako” 86 xalla birincidir. PSJ 83 xal toplayıb.
Hollandiyada çempionatın bitməsinə 1 tur qalmış qızıl medallara iki komanda iddialıdır. İlk sırada qərar tutan “Feyenoord”un 79, onu izləyən “Ayaks”ın 78 xalı var.
Portuqaliyada sona 2 tur qalmış “Benfika” 78, “Portu” 73 xal yığıb.
Türkiyədə yekuna 4 tur qalmış 65 xalla “Beşiktaş” liderdir. Onun ən yaxın izləyicisi “Başakşəhər” 63 xal yığıb.