Dövlət Statistika Komitəsi 2017-cı ilin yanvar-mart aylarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 (2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az) yol-nəqliyyat hadisəsi baş verib, zərər çəkən şəxslərin sayı 3,9 faiz azalaraq 573 nəfər olub. 162 nəfər ölüb, 411 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisələrinin 89,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 24 faiz artaraq 119 nəfər, yaralananların sayı isə 7,2 faiz azalaraq 386 nəfər olub.
Yol-nəqliyyat hadisələrinin 47,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Qəzalarda həlak olanların 72,8 faizi, yaralananların isə 71,8 faizi kişilərdir.
Yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimələr tətbiq edilib.