Prezident İlham Əliyev Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronu təbrik edib. Təbrik məktubunda deyilir: “Fransa Respublikasının prezidenti vəzifəsinə seçkidə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Qazandığınız qələbə dost Fransa xalqının Sizə olan etimadının və irəli sürdüyünüz yeniləşmə xəttinə dəstəyinin göstəricisidir.
Mən Azərbaycanla Fransa arasında ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verirəm. Yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə genişlənən faydalı əməkdaşlıq, çoxşaxəli mədəni əlaqələr Azərbaycan-Fransa diplomatik münasibətlərinin 25 illik tarixini səciyyələndirən cəhətlərdir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Fransa eyni zamanda regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Erməni silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal edilmiş tarixi torpaqlarımız Dağlıq Qarabağ və ətrafındakı 7 rayonda etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatların müvafiq qərar və qətnamələri var. Lakin Ermənistan buna məhəl qoymur. Fransa digər həmsədrlər kimi indiki status-kvonu qəbuledilməz hesab edir. Mən Fransanın səylərinə xüsusi əhəmiyyət verir və ümidvar olduğumu bildirirəm ki, bu səylər münaqişənin ədalətli həllinə nəhayət öz töhfəsini verəcək. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
Fransada prezident seçkisinin ikinci turu mayın 7-də keçirilib. “İrəli” hərəkatının lideri Emmanuel Makron 66%-dən çox səslə qalib gəlib. Milli Cəbhənin lideri Marin Le Pen 33%-dən bir qədər çox səs toplayıb.
Emmanuel Makron 1977-ci il dekabrın 21-i Amyen şəhərində anadan olub. Paris Siyasi Tədqiqatlar İnstitutunu və Milli Administrasiya Məktəbini bitirib. Sosialist Partiyasının üzvü olub. Bank sektorunda çalışıb, Fransa prezidenti yanında baş katibin müavini olub. 2014-2016-cı illərdə iqtisadiyyat, sənaye və rəqəmli texnologiyalar naziri postunu tutub. 2016-cı ildə “İrəli” hərəkatını yaradıb.
Emmanuel Makron Fransanın 8-ci prezidentidir. İndiki prezident Fransua Olanddan əvvəl dövlət başçısı postunu Şarl de Qoll, Jorj Pompidu, Valeri Jiskar d’Esten, Fransua Mitteran, Jak Şirak və Nikola Sarkozi tutublar.