İşğal olunduğu 1992-ci ildən bəri Şuşanın əhalisi 11,4 min nəfər artıb. Novator.az bildirir ki, 1992-ci ilin əvvəlinə Şuşa rayonunun əhalisi 22 min nəfər olub. 2017-ci il aprelin 1-nə isə rayonun 33,4 min nəfər əhalisi olduğu açıqlanıb.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, bölgə hissə-hissə ermənilərin əlinə keçib.
1992-ci il mayın 8-nə keçən gecə Dağlıq Qarabağda azərbaycanlıların əsas dayaq nöqtəsi olan Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib. Bununla da Dağlıq Qarabağın işğalı başa çatıb.
Hazırda ermənilər Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da işğal altında saxlayır.
Novator.az işğaldan sonra Şuşa əhalisinin sayının necə dəyişməsinə nəzər yetirib. Rəsmi statistikaya görə, 1993-cü ilin əvvəlinə rayonun əhalisi bir il əvvəlki göstərici (22 min nəfər) ilə müqayisədə azalaraq 21,7 min nəfərə düşüb.
1994-cü ilin əvvəlinə əhalinin sayı 21,5 min nəfər, 1995-ci ilin əvvəlinə 21,8 min nəfər olub.
1996-cı ilin əvvəlinə Şuşa rayonunun əhalisinin sayı işğala qədər olan göstəricini üstələyərək 22,2 min nəfərə çatıb.
Sonrakı illərdə əhalinin sayı belə dəyişib:
1997 – 22,8 min nəfər
1998 – 23,4 min
1999 – 24,3 min
2000 – 24,6 min
2001 – 24,9 min
2002 – 25, 1 min
2003 – 25,4 min
2004 – 25,7 min
2005 – 26 min
2006 – 26,6 min
2007 – 27,2 min
2008 – 27,8 min
2009 – 28,3 min
2010 – 29 min
2011 – 29, 7 min
2012 – 30,3 min
2013 – 30,9 min
2014 – 31,5 min
2015 – 32,1 min
2016 – 32,8 min.
Qarabağ müharibəsində atəşkəsdən (1994-cü ilin may ayı) sonrakı dövrün bir hissəsinə – 1995-ci ilə və 2000-2015-ci illərə aid statistikaya əsasən, 1995-ci ildə Şuşa rayonunun qeydiyyatında olan 54 nəfər ölüb. 2000-ci ildə 83 ölüm qeydə alınıb. Sonrakı illərə aid rəqəmlər belədir: 2001 – 81 ölüm, 2002 – 110 ölüm, 2003 – 104 ölüm, 2004 – 98 ölüm, 2005 – 135 ölüm, 2006 – 109 ölüm, 2007 – 121 ölüm, 2008 – 113 ölüm, 2009 – 117 ölüm, 2010 – 136 ölüm, 2011 – 114 ölüm, 2012 – 153 ölüm, 2013 – 114 ölüm, 2014 – 158 ölüm, 2015 – 121 ölüm.
1995-ci ildə və 2000-2015-ci illərdə orta hesabla hər il 113 şuşalı məcburi köçkün həyata gözlərini yumub. Bu, qeyri-rəsmi hesablama ilə 25 illik köçkünlükdə 2825 nəfər deməkdir. Onu da nəzərə almaq lazımdır ki, 1992-ci ildən sonra şuşalı məcburi köçkünlərin bir hissəsi başqa rayon və şəhərlərin qeydiyyatına düşüb. Təbii ki, həmin şəxslərin də arasında dünyadan köçənlər var…
Ermənistanın Azərbaycana təcavüzü ilə başlayan Dağlıq Qarabağ münaqişəsinin 30-cu ili gedir. 2016-cı ilin əvvəlinə aid statistikaya əsasən, Şuşa rayonunun əhalisinin 50,97 faizi münaqişənin başlandığı 1988-ci ildən sonra, 49,03 faizi münaqişəyə qədər doğulub.