Prezident İlham Əliyev mayın 2-də “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Beləliklə, Milli Məclisin 10 mart iclasında qəbul edilmiş qanun iyulun 1-dən qüvvəyə minir.
Yeniliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Bu müddət mərhələli şəkildə tətbiq olunacaq. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılacaq.
Novator.az bildirir ki, qanuna minimal pensiya məbləği elementi daxil edilir. Pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə, o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin ediləcək. Əks halda iş stajına baxılacaq. İşçinin 25 illik iş stajı varsa, ona minimal pensiya təyin olunacaq. Hazırda minimal pensiya 110 manatdır.
Yeniliklərdən biri güzəştli şərtlərlə əmək pensiyası hüququnu ağırlaşdırır. Məsələn, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin 60 yaşa (indi 57 yaşdır) çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınların 55 yaşa (indi 52 yaşdır) çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda yaşa görə əmək pensiyası hüququ olacaq.
Prokurorluq orqanlarında qulluq etmiş bu şəxslərə (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə güzəştli əmək pensiyası hüququ nəzərdə tutulur: prokurorluq orqanlarında azı 35 il (indi 25 ildir) qulluq etmiş prokurorluq işçiləri; yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il (indi 25 ildir) və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını (indi 12 il 6 aydır) prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
Ədliyyə orqanlarında qulluq keçmiş şəxslərin yaşa görə əmək pensiyası hüququ belə müəyyən olunur: ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (indi 25 ildir) qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər: kişilər 60 yaşına (indi 55 yaşdır) çatdıqda və ümumi əmək stajı 30 ildən (indi 25 ildir) az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar 55 yaşına (indi 50 yaşdır) çatdıqda və ümumi əmək stajı 25 ildən (indi 20 ildir) az olmamaqla, bu stajın azı 12 il 6 ayını (indi 10 təqvim ilidir) məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə.
Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (indi 25 ildir) qulluq stajı olan miqrasiya işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olacaq.
Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (indi 25 ildir) xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyasına çıxa biləcək.