Mayın 2-də Ermənistan prezidenti Serj Sərkisyan Yuri Xaçaturovu Milli Təhlükəsizlik Şurasının katibi postundan azad edib. Novator.az-ın məlumatına görə, bu, Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunda fəaliyyətə başlaması ilə əlaqədardır.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə Rusiyanın təşəbbüsü ilə yaradılıb. Təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan daxildir.
Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna bu il aprelin 14-ü Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitdə təyin olunub. O, vəzifəsinin icrasına mayın 2-dən başlayıb.
Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda anadan olub. Tbilisi Artilleriya Komanda Məktəbinin məzunudur. Uzun illər sovet ordusunda qulluq edib. 1987-1989-cu illərdə Əfqanıstanda xidmət keçib.
1992-ci ildən Ermənistan ordusunda xidmətə başlayan Yuri Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak edib. General-polkovnikdir. 2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. Ermənistan Milli Təhlükəsizlik Şurasına 2016-cı ilin oktyabrından katiblik edirdi.