Mayın 1-də Ədliyyə Nazirliyi və Baş Prokurorluq bloqçu Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı birgə məlumat yayıb.
Məlumatda deyilir ki, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Mehman Qələndərov 2017-ci il fevralın 7-də Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib: “Onun barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bununla əlaqədar Mehman Qələndərov Bakı İstintaq Təcridxanasına yerləşdirilib. İstintaqın gedişində onun əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilib”.
Novator.az xatırladır ki, Cinayət Məcəlləsinin 234-cü maddəsi belə adlanır: “Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma”.
234.1-ci maddə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama əməlini nəzərdə tutur. Bu maddə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.4.3-cü maddə isə bu əməlləri nəzərdə tutur: satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma. Həm də 234.4.3-cü maddə bu əməllərin külli miqdarda törədilməsini nəzərdə tutur. Maddəyə əsasən, belə əməllər 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ədliyyə Nazirliyi və Baş Prokurorluğun 1 may məlumatında bildirilir ki, Mehman Qələndərov 2017-ci il aprelin 28-də təcridxananın 2 saylı korpusunda saxlanıldığı 57 nömrəli ikinəfərlik kamerada yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb, saat 13:30 radələrində kamera yoldaşının yuxuya getməsindən istifadə edərək həmin ipi pəncərənin dəmir barmaqlığına bağlayıb və özünü asaraq intihar edib: “Faktla bağlı Penitensiar Xidmət tərəfindən xidməti araşdırma aparılıb və prokurorluğa məlumat verilib.
Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən Səhiyyə Nazirliyinin Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin ekspertlərinin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.
İlkin araşdırmalarla Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən Mehman Qələndərova qarşı təzyiq göstərilməsi, işgəncələr verilməsi və yaxud hər hansı qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilməyib.
Bununla belə xidməti araşdırma zamanı vəzifələrin layiqincə yerinə yetirilməməsi, nəzarət işinin zəif olduğu ucbatından intihar faktının qarşısının alınmamasına görə təcridxananın nəzarətçisi və tərbiyə işinin təşkili şöbəsinin dəstə rəisi tutduğu vəzifələrdən azad edilib, rejim nəzarət şöbəsinin rəisinə töhmət verilib”.
Ədliyyə Nazirliyi və Baş Prokurorluğun məlumatında daha sonra deyilir: “İstintaq zamanı Mehman Qələndərov törətdiyi cinayəti etiraf edib. Habelə mərhumun hər hansı siyasi partiyanın üzvü olması barədə məlumatlar araşdırmalarla təsdiqini tapmayıb.
Hazırda cinayət işi istintaqın davam etdirilməsi məqsədilə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin icraatına verilib. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılaraq, Mehman Qələndərovun özünü öldürmə həddinə çatdırma xüsusatları da araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
Mehman Qələndərov Bakı Dövlət Universitetinin məzunudur. O, universiteti sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq orta ixtisas təhsili sistemində (kollec) psixologiya, fəlsəfə, sosiologiya, politologiya fənlərindən dərs deyib.
2005-ci ildə Milli Məclisə keçirilən seçkidə 26 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəd olub.
Mehman Qələndərov Bakı və Tbilisidə Azərbaycan hökuməti əleyhinə mitinqlərdə iştirak edib. 2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından olub.
2017-ci il fevralın 7-də Mehman Qələndərov “Facebook” səhifəsində bir il öncə mərhum prezident Heydər Əliyevin Bakıdakı abidəsinə şüar yazmış, bundan dərhal sonra narkotik ittihamı ilə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Qiyas İbrahimov və Bayram Məmmədovu müdafiə xarakterli fikirlər yazıb. Bir saat sonra polis əməkdaşları Mehman Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar. Bloqçuya narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Mehman Qələndərovun cənazəsi aprelin 30-da Bakı İstintaq Təcridxanasının yaxınlığındakı qəbiristanlıqda valideynlərinin yanında torpağa tapşırılıb. Hüquq müdafiəçiləri Taleh Xasməmmədov və Oqtay Gülalıyev bloqçunun gizli dəfn edildiyini bildirirlər. Mehman Qələndərov ailəli olmayıb.
Mayın 1-də Siyasi Məhbusların Müdafiə Mərkəzi Mehman Qələndərovun faciəli ölümü ilə bağlı toplantı keçirib. İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi toplantıda Mehman Qələndərovun narkotik ittihamını qəbul etməsi üçün təcridxanada təzyiqlərə məruz qaldığı haqda fikirlər səslənib, eyni zamanda bloqçunun intiharı barədə rəsmi versiya şübhə altına alınıb, məsələnin dərindən araşdırılması vacib sayılıb.
Toplantıda bloqçunun ölümünü araşdıran müstəqil təhqiqat komissiyası yaratmaq, ölüm işinin obyektiv araşdırılması üçün Mehman Qələndərovun qəbrinin açılıb meyitin yenidən ekspertiza edilməsi təklifi ilə baş prokurora müraciət ünvanlamaq, eyni zamanda beynəlxalq ekspertizaya üz tutmaq qərara alınıb.
Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvləri Azərbaycanda siyasi qətllərlə bağlı hesabat hazırlayacaqlarını da bildiriblər. Onlar Mehman Qələndərovu “Demokratiya şəhidi” elan etdiklərini açıqlayıblar.
Mehman Qələndərovun ölümü ilə bağlı digər xəbərlər: