Ombudsman Elmira Süleymanova daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətində o, bloqçu Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün zəruri addımların atılmasını istəyib.
Vəkil Elçin Sadıqovun “Azadlıq” radiosuna dediyinə görə, ombudsmanın məktubunda qeyd olunur ki, Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi 2012-ci ildə Səbail Rayon Polis İdarəsi tərəfindən götürülüb. Bloqçu dəfələrlə müraciət etsə də, vəsiqəsi geri qaytarılmayıb.
Elmira Süleymanova Ramil Usubovdan xahiş edib ki, bloqçunun şəxsiyyət vəsiqəsi ilə bağlı durum araşdırılsın və müvafiq tədbir görülsün.
Ombudsman Aparatı Mehman Hüseynovun sağlıq durumunun araşdırılması üçün də addım atıb. Aparat rəhbəri Aydın Səfixanlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə məktub göndərib. Məktubda Mehman Hüseynovun səhhətinin, müalicə, müayinə və əməliyyata ehtiyacı olub-olmamasının araşdırılması və bu haqda Ombudsman Aparatına bilgi verilməsi xahiş olunub.
Mehman Hüseynov bu il yanvarın 9-da Bakının Nəsimi rayonunda saxlanıb. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə saxlandığı açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Yanvarın 10-da Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovu məhkəməyə verib.
Martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu Musa Musayevin iddiası əsasında 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Mehman Hüseynov müxalif bloqçudur. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə Emin Hüseynova qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.