Mayın 1-də Siyasi Məhbusların Müdafiə Mərkəzi bloqçu Mehman Qələndərovun faciəli ölümü ilə bağlı toplantı keçirib.
Mehman Qələndərov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq orta ixtisas təhsili sistemində (kollec) psixologiya, fəlsəfə, sosiologiya, politologiya fənlərindən dərs deyib.
2005-ci ildə Milli Məclisə keçirilən seçkidə 26 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəd olub.
Mehman Qələndərov Bakı və Tbilisidə Azərbaycan hökuməti əleyhinə mitinqlərdə iştirak edib. 2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından olub.
2017-ci il fevralın 7-də Mehman Qələndərov “Facebook” səhifəsində bir il öncə mərhum prezident Heydər Əliyevin Bakıdakı abidəsinə şüar yazmış, bundan dərhal sonra narkotik ittihamı ilə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Qiyas İbrahimov və Bayram Məmmədovu müdafiə xarakterli fikirlər yazıb.
Bir saat sonra polis əməkdaşları Mehman Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar. Bloqçuya narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Aprelin 28-də Mehman Qələndərov saxlandığı Bakı İstintaq Təcridxanasında intihar edib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, məhkəmə-tibb ekspertizası təyin olunub.
Aprelin 30-da Mehman Qələndərov Bakı İstintaq Təcridxanasının yaxınlığındakı qəbiristanlıqda valideynlərinin yanında torpağa tapşırılıb.
Hüquq müdafiəçiləri Taleh Xasməmmədov və Oqtay Gülalıyev bloqçunun gizli dəfn edildiyini bildirirlər. Mehman Qələndərov ailəli olmayıb.
Novator.az-ın məlumatına görə, Siyasi Məhbusların Müdafiə Mərkəzinin mayın 1-də keçirdiyi toplantıda ictimaiyyət nümayəndələri də iştirak ediblər. Toplantıda Mehman Qələndərovun narkotik ittihamını qəbul etməsi üçün təcridxanada təzyiqlərə məruz qaldığı haqda fikirlər səslənib, eyni zamanda bloqçunun intiharı barədə rəsmi xəbər şübhə altına alınıb, məsələnin dərindən araşdırılması vacib sayılıb.
Oqtay Gülalıyevin sosial şəbəkədə yaydığı xəbərə görə, toplantıda bloqçunun ölümünü araşdıran müstəqil təhqiqat komissiyası yaratmaq, ölüm işinin obyektiv araşdırılması üçün Mehman Qələndərovun qəbrinin açılıb meyitin yenidən ekspertiza edilməsi təklifi ilə baş prokurora müraciət ünvanlamaq, eyni zamanda beynəlxalq ekspertizaya üz tutmaq qərara alınıb.
Siyasi Məhbusların Müdafiə Mərkəzinin üzvləri Azərbaycanda siyasi qətllərlə bağlı hesabat hazırlayacaqlarını da bildiriblər. Onlar Mehman Qələndərovu “Demokratiya şəhidi” elan etdiklərini açıqlayıblar.
Toplantıda Mehman Qələndərovun hüzr məclisinin keçirilməsi də qərara alınıb.
Siyasi Məhbusların Müdafiə Mərkəzi bu ilin yanvar ayında yaradılıb.