Bloqçu Mehman Qələndərov saxlandığı Bakı İstintaq Təcridxanasında intihar edib.
Hadisə aprelin 28-də baş verib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, məhkəmə-tibb ekspertizası təyin olunub.
Mehman Qələndərov bu il fevralın 7-də tutulmuş və barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmişdi. O, narkotik vasitələrinin qanunsuz dövriyyəsində ittiham olunurdu.
“Azadlıq” radiosunun məlumatına görə, həbs olunduğu gün Mehman Qələndərov “Facebook” səhifəsində bir il öncə mərhum prezident Heydər Əliyevin Bakıdakı abidəsinə şüar yazmış, bundan dərhal sonra narkotik ittihamı ilə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Qiyas İbrahimov və Bayram Məmmədovu müdafiə xarakterli fikirlər yazıbmış. Həmin fikirləri yazandan bir saat sonra polis əməkdaşları Mehman Qələndərovun kirayədə yaşadığı mənzilə gələrək onu tutublar. Bloqçuya narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Mehman Qələndərov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq orta ixtisas təhsili sistemində (kollec) sosial psixologiya, fəlsəfə, sosiologiya, politologiya fənlərindən dərs deyib.
2005-ci ildə Milli Məclisə keçirilən seçkidə 26 saylı Sabunçu seçki dairəsindən deputatlığa namizəd olub.
Sosial şəbəkələrdə vaxtaşırı hakimiyyəti tənqid edən Mehman Qələndərov Bakı və Tbilisidə Azərbaycan hökuməti əleyhinə mitinqlərdə də iştirak edib. 2016-cı il sentyabrın 26-da Tbilisidə Azərbaycan səfirliyinin qarşısında “Biz kral istəmirik!” şüarı ilə keçirilən aksiyanın təşkilatçılarından olub.
Mehman Qələndərov Bakı İstintaq Təcridxanasının yaxınlığındakı qəbiristanlıqda valideynlərinin yanında torpağa tapşırılıb.
Hüquq müdafiəçiləri Taleh Xasməmmədov və Oqtay Gülalıyev bloqçunun gizli dəfn edildiyini bildirirlər. Mehman Qələndərov ailəli olmayıb. Taleh Xasməmmədov sosial şəbəkədə mərhumun yas mərasiminin belə olmayacağını yazıb.
Aprelin 30-da AXCP sədri Əli Kərimli və partiya rəhbərliyi Mehman Qələndərovun məzarını ziyarət edib. Əli Kərimli Mehman Qələndərovun ölümünün ört-basdır edilməsinə imkan verməyəcəklərini bildirib.