Azadliq.info aprelin 26-da daha bir uzun müddətə azadlıqdan məhrum edilən sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmədəki son sözünün mətnini yayıb.
Əli İnsanova qarşı ötən ilin yayında başlanmış cinayət işi üzrə Qaradağ Rayon Məhkəməsində keçirilən proses dünən yekunlaşıb. Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib, beləliklə, 2005-ci ildə tutulmuş sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb.
Novator.az xatırladır ki, 70 yaşlı Əli İnsanov tibb elmləri doktorudur, Milli Elmlər Akademiyasının həqiqi üzvü olub. Səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub. 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhd ittihamı ilə tutulan Əli İnsanov sonra iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı il avqustun 24-də Qaradağ Rayon Prokurorluğu Əli İnsanova Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni işi qaldırıb. O, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamada, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmədə, cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyaların saxlanmasında ittiham olunub.
İttihama görə, sabiq nazir 2016-cı il avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib. Bəyan olunub ki, avqustun 23-də 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
26 aprel prosesindəki son sözündə Əli İnsanov deyib ki, bütün baş verənlərə, dövlət ittihamçısının istədiyi cəzaya (dövlət ittihamçısı sabiq nazirə 8 il 9 gün həbs verilməsini təklif etmişdi – Novator.az) baxmayaraq rahat və nikbindir: “Dövlət ittihamçısına demək istəyirəm ki, arxayın olsun. Burada baş verənlər, istənilən cəza məndə heç bir isterika yaratmayacaq ki, kiminsə ünvanına təhqir yağdırım. Buna mənim tərbiyəm yol vermir. Bu cür yalanları belə pafosla necə deyirsiz? Bununla hara gedirsiz?
Bütün bu baş verənləri özümə qarşı terror kimi qəbul edirəm. Bir akademikə qarşı terroru bütün xalqa qarşı terror hesab edirəm. Guya mən haradasa narkotik tərkibli dərmanlar saxlamışam. Bu yalana göstəriş verənlər də elə bu işi düzüb-qoşan serjantın səviyyəsinə düşüb. Görün Azərbaycan nə gündədir… Biri tapşırır, biri qoyur, o biri də hüquqi don geyindirir. Hüquqi don geyindirən də elə həmin serjantın səviyyəsindədir.
Bu böhtana kiminsə inanacağını düşünmürəm. Bütün bunlar izahı olmayan uydurmadır. Ən az demokratiya olan cəmiyyətlərdə belə məhkəmə iclasları canlı yayımlanır. Mənim məhkəmələrimdə isə jurnalistlərə məhdudiyyət yaradılır”.
Əli İnsanov üzünü prokurora tutaraq deyib: “Siz nəvələrinizlə söhbətdə gördüyünüz hansı işdən fəxrlə danışacaqsız? Deyəcəksiniz ki, bir alimi, akademiki cibinə narkotik atdırıb məhv elədim? Sizləri öyrədib bura göndərənlərə çatdırın ki, Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir.
Belə hesablayıblar ki, qarşıdan gələn iki seçkinin ikisində də Əli İnsanov həbsdə olsun. Məni 2005-ci ildə də qanunsuz olaraq şərləyib 11 il cəza verdilər. Azadlığa çıxmağıma az qalmış eyni prosesləri davam etdirdilər.
Arzuları məhv eləmək olmaz. Mən bu yola kəfənlə çıxmışam. 11 ildə 107 məhkəməm olub, bu, 108-cidir. Bu məhkəmələrin birində də mənim xeyrimə qərar çıxarılmayıb. Bu, Ginnesin rekordlar kitabına düşəcək hadisədir.
Mənim qaldığım 118 nəfərlik barakda hərəyə bir qəbirlik yer düşür. Oradan heç nə tapmadılar. Anbar kimi bir yerdə axtarış aparıb guya oradan mənim yorğanımın arasından dərman tapıblar. Axtarış aparanda heç olmasa, görüntü üçün məni çağıraydılar…
Özləri hər şeyi düzüb-qoşandan sonra məni çağırdılar, dedim ki, vəkilim yoxdur, ifadə vermirəm. Çevrilib gedəndə rəis çağırdı. İndi burada zərərçəkmiş olan Anar Məmmədov da orada dayanmışdı, onda artıq cibi cırıq idi. Yazılmamış protokolu mən necə cıra bilərdim?! Əgər protokol cırılmışdısa, niyə əl izlərimi götürmədilər?! Əgər ekspertiza keçirilsəydi, istintaq ifşa olunacaqdı. Necə ola bilər ki, eyni vaxtda həm protokolu cırıram, həm Anar Məmmədovun poqonunu cırıram, həm ona kəllə-beyin travması yetirirəm? Mən orada izahat vermədim, qoluma qandal vurub karsa saldılar. Məni aparanda Anar Məmmədov qapıda dayanıb gülürdü. Kəllə-beyin travması alıbsa, niyə başının tomoqrafiyası yoxdur?
Azərbaycanda bir akademiki narkotiklə şərləyirlərsə, deməli, nazirlərin, nüfuzlu beynəlxalq qurumlarda işləyənlərin də cibinə narkotik atmaq çox asandır. Amma nəzərə almamışdılar ki, bu cür ittihamlarla heç kimi inandıra bilməzdilər, çünki mənə uyğun gəlməyən ittihamlardır. İctimai fikirdən qorxu hissi Allahdan qorxu hissinə bərabərdir.
Mən lazım olan hər şeyi dedim. Xahiş edirəm bu yalançı zərərçəkmiş və şahidlər barəsində xüsusi qərar çıxarasız. Zaman hər şeyi yoluna qoyacaq. Bu gün prokuror gülümsəyir. Kamran Əliyev də mənim işimdən sonra vəzifə aldı (Əli İnsanov 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakimə olunarkən dövlət ittihamını müdafiə edən prokuror Kamran Əliyev indi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisidir – Azadliq.info). Bu prokurora da vəzifə verəcəklər. Cənab hakim, sizə isə sadəcə “çox sağ ol” deyəcəklər. Bu “sağ ol”un yükü isə ağır olacaq”.
Hökm üçün müşavirə zamanı prosesdə fasilə yaranarkən Əli İnsanov zaldakılara müraciət edərək deyib: “Mən çox şey bilirəm. Bunları qorxudan da mənim bildiklərimdir. Elə bilirlər ki, bura 3-5 min adam yığacam. Amma mən heç qohumlarımı da gəlməyə qoymuram. Bu gün demokratik inqilab Azərbaycanın sərhədlərinə yaxınlaşmaqdadır. Əgər ədalət bərpa olunmasa, bu yanğın bütün Azərbaycanı bürüyəcək. Azərbaycanda vəziyyət heç vaxt bugünkü qədər ağır olmayıb”.
1946-cı il martın 22-də Ermənistanın Ləmbəli kəndində anadan olan Əli İnsanov Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Hakim Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1995-2000-ci illərdə həmin partiyanın proporsional siyahısından Milli Məclisin deputatı olub.