ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası yeni hesabat yayıb. Azadliq.org-un məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə Azərbaycan din azadlığı sarıdan geriləyib, il ərzində hökumət müstəqil dini fəaliyyətə repressiyanı artırıb, sünni məscidlərini bağlayıb, dini mağazalarda reydlər keçirib, “Yehova şahidləri” icmasını və bəzi protestant icmalarını təqib edib.
Hesabata əsasən, Azərbaycanda hakimiyyət beynəlxalq terrorçuluq təhlükəsindən dinc dini narazılığın boğulması üçün bəhanə kimi yararlanır: “2017-ci ilin yanvarında 18 şiə fəal 10 ildən 20 ilədək həbs cəzasına məhkum edildi. Onlar terrorçuluqda da ittiham olundular. Yerli QHT-lərdən biri ötən ilin dekabrınadək 86 nəfərin dini inancına görə həbsə atıldığını hesablayıb”.
Beynəlxalq Din Azadlığı Komissiyası Azərbaycanı 2013-cü ildən olduğu “ikincilər” sırasında saxlayıb. Əfqanıstan, Bəhreyn, Kuba, Misir, Hindistan, İndoneziya, İraq, Qazaxıstan, Laos, Malayziya və Türkiyənin də yer aldığı bu qrup ölkələrdə din azadlığının ciddi pozulduğu bildirilir.
Hesabatda qeyd edilir ki, Azərbaycanda avtoritarizmin güclənməsi və dünyəvi siyasi müxalifətin sıxışdırılması dini siyasi müxalifətin yaranmasına səbəb olub, hökumət isə onları terrorçuluq və digər qanunsuz fəaliyyətə bağlamaqla gözdən salmağa çalışır. Buna misal kimi bu ilin yanvarında məhkum edilmiş Taleh Bağırov və daha 17 inanclı şəxs göstərilir: “İnsan haqları fəalları onların bir il davam edən məhkəməsini ədalətsiz adlandırıb. Məhkəmədə ağır işgəncə halları barədə iddialar səslənib”.
Sənəddə dini qrupların fəaliyyət göstərməkdən ötrü qeydiyyatdan keçməsinin vacibliyinə diqqət çəkilir: “Qeydiyyatsız dini qruplar qanunsuz elan olunur, basqınlara, yaxud cərimələrə məruz qalırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qeydiyyat müraciətlərindən imtina edir”. Hesabatda bildirilir ki, ötən ilin noyabrında xeyli sayda dini icma 2009-cu ildə etdikləri müraciətlərə hələ də cavab gözləyirdilər.
Qafqaz Müsəlmanları İdarəsinin kurasiyasından kənar bütün müstəqil məscidlərin, protestant icmalarının, “Yehova şahidləri”nin hüquqi status ala bilmədiyi qeyd olunur.
Hesabatda yəhudilərin uzun müddət Azərbaycanda yaşayıb cəmiyyətə inteqrasiya olunduğu, antisemitizmlə üzləşmədiyi də vurğulanır. O da qeyd olunur ki, kiçik katolik icması mövcuddur, hökumət onlara kilsə tikməyə pul ayırıb. Ancaq Qaxda iki rəsmi gürcü pravoslav icmasının dini mərasim keçirə bilmədiyi vurğulanır.
Naxçıvan Muxtar Respublikasında din azadlığına daha sərt məhdudiyyətlərin qoyulduğu bildirilir.