Azadliq.org, Azadliq.info, Meydan.tv və Azerbaycansaati.com məhkəməyə verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi bəzi saytlara girişin bloklanması istəyi ilə məhkəməyə müraciət edib. Hökumət qurumu Azadliq.org-a (“Azadlıq” radiosunun saytı), Azadliq.info-ya (“Azadlıq” qəzetinin saytı), Azerbaycansaati.com-a (“Turan TV”nin saytı), Meydan.tv-yə (“Meydan TV” internet televiziyasının saytı) girişə, eyni zamanda “Azərbaycan saatı” televiziya proqramının yayımına məhdudiyyət qoyulmasını istəyir.
Proses aprelin 27-si Səbail Rayon Məhkəməsində keçiriləcək.
Novator.az xəbər verir ki, Elektron Təhlükəsizlik Mərkəzi adıçəkilən media qurumları ilə bağlı məhkəməyə martın 30-da müraciət edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəz kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.
Novator.az xatırladır ki, martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Bura terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlamasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama qaydası və üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar; təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar və Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyalar aiddir.
İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir.
Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda dərhal informasiya ehtiyatının sahibinin onu götürməsi üçün tədbirlər görür.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə xəbərdarlıq edir.
Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə nazirlik həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.
Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət nazirliyin qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. Nazirlik bu qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmədə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.
Qanun fəaliyyəti məhdudlaşdırılan internet informasiya ehtiyatının adının qara siyahıya salınmasını da tənzimləyir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydalarını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edir.
İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidir.
Prezident İlham Əliyev parlamentin Mülki Prosessual Məcəlləyə aprelin 7-də elədiyi əlavələri təsdiqləyib. Aprelin 18-də qüvvəyə minən yenilik internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlıdır.
Məcəlləyə əlavə olunan maddələrə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması yasaqlanan informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.
İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yerləşdiyi yer üzrə verilir.
Müraciətin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.