Ölkənin 65,9 faizi, paytaxt Bakının 80,8 faizi fasiləsiz su alır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinə həsr olunmuş iclasında belə deyilib.
Novator.az-ın məlumatına görə, aprelin 26-da keçirilmiş iclasda çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, bu ilin birinci rübündə Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb və prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub: “Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemlərinin qurulması üçün “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb. Hacıqabul rayonunun Navahı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 2300 nəfərin içməli su təchizatı yaxşılaşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələrinin icrasına başlanıb”.
Qorxmaz Hüseynov qeyd edib ki, 2017-ci ilin yanvar-mart aylarında istehlakçılara 57 milyon kubmetr həcmində su verilib, 41 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib: “Hesabat dövründə 38,4 kilometr içməli su, 71 kilometr kanalizasiya xətləri çəkilib, 3 su anbarı tikilib, 6 ədəd subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 70 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 69 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə, fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 65,9 faizə, Bakı şəhəri üzrə isə 80,8 faizə çatıb”.