Prezident İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur.
Tarixi arayışa görə, 1846-cı ilin yanvarında Bibiheybət yatağında iki quyunun qazılmasına başlanıb. Quyulardan biri 21 metr dərinlikdən neft verib və bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulub.
Neftçıxarma işində əldə olunmuş inqilabi yeniliklər XIX əsrin 50-ci illərində Abşeronda hasilatın yüksəlməsinə, emal sənayesinin yaranmasına böyük təkan verib. Mexaniki üsulla quyu qazılması texnikasının və texnologiyasının inkişafı sayəsində Bakıda bir sıra yeni neft yataqları istismara verilib, quyular qazılıb, hasilat artırılıb, neft sənayesi infrastrukturu inkişaf etdirilib. 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tutub.
Xəbəri AZƏRTAC yayıb.