Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu Departamentinin baş direktor müavini Elçin Məmmədov “Şəffaflıq və partnyorluq münasibətləri qarşılıqlı etimadın əsasıdır” adlı məqalə yazıb. Novator.az-ın məlumatına görə, məqalədə qeyd edilir ki, 2007-ci ildən başlayaraq vergi orqanı olmayan şəhər və rayonlarda vergi ödəyiciləri üçün müasir avadanlıqlar və sürətli internet xətti ilə təchiz edilmiş 58 xidmət mərkəzi yaradılaraq vergi ödəyicilərinin istifadəsinə verilib. Xidmət mərkəzlərinin 7-si Bakıda, 51-i digər şəhər və rayonlarda yerləşir: “Xüsusilə regionlarda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə 51 xidmət mərkəzindən 39-u vergi orqanı olmayan şəhər və rayonlarda yaradılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində xidmət mərkəzlərində qəbul edilən vergi ödəyicilərinin sayı 171 min 785 nəfər, göstərilən xidmətlərin sayı isə 279 min 571 olub. Xidmət mərkəzlərinə müraciət edən şəxslərin 73,2 faizi məhz regionlarda yerləşən xidmət mərkəzlərinə üz tutub”.
Müəllif bildirir ki, xidmət mərkəzləri vergi ödəyicilərinin praktiki məsələlərlə əlaqədar ən çox müraciət etdiyi ünvandır: “Xidmət mərkəzlərinə müraciət edən şəxslərə burada zəruri kömək göstərilir, onlar bütün elektron xidmətlərdən istifadə edə bilir, yazılı (kağız daşıyıcısında) olan müraciətlərini təqdim edə və hazır sənədi götürə bilirlər. Bundan əlavə, xidmət mərkəzlərində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi adından vergi ödəyicilərinə “ASAN imza” üzrə sertifikat xidmətləri göstərilir. Vergi ödəyicilərinə xidmət strukturları aprelin 1-dək 270 min 758 “ASAN imza” sertifikatı verib”.
Nazirlik rəsmisi yazır ki, yanvar-mart ayları ərzində 22 min 865 vergi ödəyicisi fəaliyyətini bərpa edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4 faiz çoxdur: “Eyni dövrdə 8 min 71 və ya ötən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çox təsərrüfat subyekti fəaliyyətini bərpa edib. Fəaliyyətini dayandırmış təsərrüfat subyektlərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 faiz azalıb”.
Məqalədə qeyd olunur ki, Vergilər Nazirliyi ən çox elektron xidmət göstərən dövlət orqanıdır və qurumun göstərdiyi elektron xidmətlərin sayı 65-ə çatıb.