Avropa Şurasının Parlament Assambleyası aprelin 25-də Türkiyədə demokratik təsisatların fəaliyyətini müzakirə edib və qətnamə çıxararaq ölkəni monitorinq mərhələsinə qaytarıb. Qətnaməyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan sənədin siyasi mahiyyət daşıdığını qeyd edib. O, qitənin başqa qurumunu –Avropa İttifaqını da qınayıb, təşkilatın Türkiyə ilə səmimi davranmadığını vurğulayıb.
Prezident qeyd edib ki, Avropa İttifaqı Türkiyəyə qarşı səmimi olmadığı üçün ölkə başqa çıxış yolları tapmağa məcburdur: “Biz Avropa İttifaqının qapısında niyə bu qədər vaxt itirməliyik? Avropa İttifaqı özünə gəlməlidir. Çünki Avropa İttifaqında hazırda dağılma prosesi baş verir. Bir-iki ölkə Avropa İttifaqını saxlaya bilməz. Onlar bunu bilməlidirlər. Türkiyə kimi səmimi, fərqli dini inancı təmsil edən ölkənin orada olması onların gücünü daha da artıra bilərdi. Lakin onlar hələ də bunun fərqində deyillər. Çünki Avropa İttifaqının üzvləri arasında müsəlman ölkəsi yoxdur. Bu ölkə Türkiyə ola bilərdi, lakin onlar bunu 54 il ərzində qəbul edə bilmədilər. Bütün bunlar yavaş-yavaş ortaya çıxır. Ona görə də biz hazırda gözləməkdəyik. Hər an hər şey ola bilər”.
Türkiyə Avropa İttifaqı ilə 1963-cü ildən əməkdaşlıq edir. 1987-ci ildə Türkiyə qurumun üzvlüyü üçün müraciət edib, 1999-cu ildə üzvlüyə namizəd statusu alıb. 2005-ci ildən tam üzvlük üçün danışıqlar gedir. 2016-cı il noyabrın 24-də Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrini dondurmağa çağıran qətnamə qəbul edib. Bu addım Türkiyədə insan hüquqlarının sistemli şəkildə pozulması ilə əsaslandırılıb.
Baş verənlərdən sonra Türkiyə hansı addımları atacaq? Ölkə Avropa İttifaqına qəbul olunmaq istəyindən geri çəkilə bilərmi? Bundan sonrakı proseslər nə istiqamət ala bilər?
Novator.az-a danışan REAL Hərəkatının İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Qasımlı deyib ki, son vaxtlar Türkiyə prezidentinin çıxışları qeyri-diplomatik tərzdədir və Avropa İttifaqına qarşı dediklərini də qeyri-diplomatik çıxış kimi dəyərləndirmək lazımdır: “Ərdoğan daha əvvəl eyni çıxışları İsrail, Rusiya və ABŞ-a qarşı etmişdi. Bu çıxışlar və səhv yanaşma nəticəsində Türkiyə həm ənənəvi müttəfiqlərini itirə, həm də dünyada təklənə bilər. Hazırda Türkiyə həm iqtisadi, həm hərbi-siyasi baxımdan Qərb blokunda yer alır. Avropanın Türkiyə iqtisadiyyatında payı 60 faizdən çoxdur. Belə olan təqdirdə prezident Ərdoğanın bu sayaq çıxışları, Avropaya qarşı demarşı populizmdən başqa bir şey deyil. O özü də yaxşı anlayır ki, Avropadan qopmaq Türkiyə iqtisadiyyatını böhran vəziyyətinə salmaq anlamına gələcək. Odur ki, Ərdoğanın ritorikası müvəqqətidir”.
AŞPA-nın 25 aprel qərarını isə ekspert doğru addım kimi qiymətləndirir: “Son bir ildə Türkiyədə çox ciddi proseslər baş verib, nəticədə yüz minlərlə insanın hüquqları pozulub, hüquqi dövlət institutları zədələnib, demokratik təsisatlar sarsılıb. Konstitusiya referendumu ilə bağlı vəziyyət də hələ tam aydın deyil. Hazırda müxalif Cümhuriyyət Xalq Partiyasının Konstitusiya Məhkəməsinə şikayəti gündəmdədir. Konstitusiya Məhkəməsinin sədri referendumda möhürsüz bülletenlərin etibarlı sayılmasına müsbət yanaşmadığına işarə edib. Bir sözlə, həm Türkiyənin içində böyük qarşıdurma, həm ölkənin dünyada təklənmə riski var”.
25 aprel qətnaməsinin qəbuluna Türkiyədə aprelin 16-da keçirilmiş konstitusiya referendumu təkan verib. Referendumun ilkin rəsmi nəticələrinə görə, seçicilərin 52 faizə yaxını ana qanunda 18 maddəlik dəyişiklik təklifini dəstəkləyib. Konstitusiya yeniliyinə əsasən, dövlət başçısı partiya üzvü olmaq hüququ alır. 2019-cu ildən isə ölkə prezident idarə üsuluna keçir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident həm də hökumət başçısı olur, parlamentin səlahiyyətləri əsasən qanunvericilik işi ilə məhdudlaşır.
Türkiyə müxalifəti hakimiyyəti referendumun nəticələrini saxtalaşdırmaqda ittiham edir. Qeyd olunur ki, seçki qanunu üstündə komissiyaların möhürü olmayan zərfləri və bülletenləri etibarsız sayır, ancaq Ali Seçki Qurumu referendum günü belə zərf və bülletenlərin etibarlı hesab olunmasına qərar verib.
Aprelin 19-da Ali Seçki Qurumu Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyası və Vətən Partiyasının 16 aprel referendumunun nəticələrinin ləğvi tələbli müraciətlərinə rədd cavabı verib. Aprelin 25-də isə inzibati işlərə baxan məhkəmənin (Danıştay) 10-cu dairəsi Cümhuriyyət Xalq Partiyasının Ali Seçki Qurumunun 19 aprel qərarından şikayətini təmin etməyib.