Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəzadan 31 il ötür.
Qəza 1986-cı il aprelin 26-da baş verib. BMT Baş Məclisinin 8 dekabr 2016-cı il qətnaməsi ilə 26 aprel Çernobıl Fəlakətinin Anım Günü elan olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Çernobıl Fəlakətinin Anım Günü ilə əlaqədar açıqlamasında bunları deyib: “Çernobıl nüvə fəlakəti insanlıq tarixində ən dəhşətli fəlakətlərdən biridir. Qəzadan 30 ildən artıq müddət keçməsinə baxmayaraq onun doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır.
Bu fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycandan 7000 nəfərdən çox insan iştirak edib. Çernobıl qəzası baş verən dövrdə Azərbaycan qəzadan bilavasitə əziyyət çəkən 7000-dən çox şəxsin müvəqqəti olaraq ölkə ərazisində yerləşdirilməsi, təminatı, reabilitasiyası və müalicəsini təşkil edib”.
Hikmət Hacıyev deyib ki, hazırda Azərbaycanda 5000 nəfərə yaxın Çernobıl əlili var: “Ötən müddət ərzində 2000 nəfərdən artıq Çernobıl əlili vəfat edib. Dəhşətlisi odur ki, hətta Çernobıl əlillərinin övladları da əksər hallarda radioaktiv şüalanmanın fəsadlarından əziyyət çəkirlər. Azərbaycan Respublikası hökuməti yürütdüyü sosial xarakterli siyasət əsasında Çernobıl əlillərinə daim qayğı göstərir və onların sosial problemlərini aradan qaldırır.
Çernobıl Fəlakətinin Anım Günü ilə əlaqədar bu faciədən bilavasitə əziyyət çəkmiş Belarus, Ukrayna və Rusiya ilə həmrəyliyimizi bildirərək beynəlxalq ictimaiyyətin diqqətini Çernobıl Atom Elektrik Stansiyasının texnologiyasına əsasən 1976-cı ildə Ermənistan ərazisində tikilmiş Metsamor AES-in doğurduğu təhlükəyə cəlb etmək istərdik. Metsamor AES bu gün Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır. Tikildiyi dövrdən stansiyada ciddi və köklü təmir işləri aparılmayıb. Metsamor AES xüsusi fəallığı ilə seçilən aktiv seysmik zonada yerləşir. Ermənistanın bu AES-i texniki təhlükəsizlik tələblərinə uyğun olaraq saxlamaq və istismar etmək üçün maddi resursları çatışmır, tələb olunan ehtiyat hissələr vaxtında dəyişdirilmir. Stansiyanın istismarının tələblərə uyğun təmin edilməsi üçün Ermənistanda kadr potensialı çatışmır və SSRİ dövründə təlim görmüş mütəxəssislərin əksəriyyəti ölkəni tərk edib.
11 sentyabr hadisələrindən sonra təyyarələrin bu və ya digər səbəbdən AES-lərlə toqquşması zamanı yeni təhlükəsizlik standartları tətbiq edilsə də, Metsamorun bu tələblərə cavab verməsi ciddi sual altındadır. Metsamorun fiziki mühafizəsi də lazımi qaydada təşkil olunmur. Metsamor stansiyası nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün baza rolunu oynayır və dəfələrlə digər ölkələrin ərazisində Metsamordan çıxarılmış radioaktiv maddələr saxlanılıb.
Texnologiyanın köhnə olması və stansiyanın fəaliyyətində texniki təhlükəsizlik qaydalarına lazımınca riayət olunmaması Ermənistan və region üçün ciddi ətraf mühit problemləri yaradır, su hövzələrini və transregional çayları radioaktiv çirklənməyə məruz qoyur. Həmçinin stansiyanın fəaliyyəti qeyri-şəffaf xarakter daşıyır və orada davamlı şəkildə baş verən texniki nasazlıqlar və qəzalar haqqında ictimaiyyətə məlumat verilmir. “National Geographic” Metsamoru mövcud AES-lər arasında ən təhlükəli AES kimi qiymətləndirib.
Bu kimi köklü və ciddi problemlər olduğu halda Ermənistanın mənəvi və texniki baxımdan öz resurslarını tükətmiş Metsamor Atom Elektrik Stansiyasının istismarını davam etdirməsi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsiz davranışın növbəti nümunəsidir. Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs çıxarmaq əvəzinə bu addımı ilə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur.
Bolqarıstan və Slovakiya ərazisində eyni texnologiya ilə fəaliyyət göstərən AES-lərin fəaliyyəti Avropa İttifaqının dəstəyi ilə dayandırılıb. Avropa İttifaqı və digər təsisatlar Ermənistana Metsamor AES-in dayandırılması üçün dəstək təklif etsə də, Ermənistan bundan imtina edir”.
XİN-in sözçüsü Ermənistan Respublikasının bu siyasətinin beynəlxalq sənədlərə zidd olduğunu vurğulayıb.