Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi balıqçılıq təsərrüfatında balıqların kütləvi tələfatı ilə əlaqədar rayon baytarlıq idarəsi əraziyə baxış keçirib. Baxış zamanı süni göldə 3 növdən ibarət (çəki (sazan), belamor və talıstov) olan balıqların kütləvi tələf olduğu müəyyən edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yaydığı məlumata görə, Tələt Rüstəmova məxsus fərdi balıqçılıq təsərrüfatı sözügedən xidmətdə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyatdan keçməyib.
1 hektardan çox ərazini əhatə edən süni göldə tələf olan balıqların ölüm səbəblərini müəyyən etmək üçün onlardan nümunələr götürülüb, həmin nümunələr Bərdə zona Baytarlıq Laboratoriyasına və Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin məlumatına görə, tələf olan balıqlar süni göldən toplanaraq Ağcabədi Rayon Baytarlıq İdarəsi əməkdaşlarının nəzarəti altında zərərsizləşdirilib.
Laboratoriyalarda aparılan müayinələr zamanı götürülən nümunələrdə infeksion xəstəliklərin törədiciləri və zəhərlənmə halları aşkar edilməyib.
Ehtimal olunur ki, süni gölə təzə su verilmədiyindən və göldə su dövriyyəsi pozulduğundan balıqlar oksigen çatışmazlığı nəticəsində tələf olub.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, balıqların kütləvi tələfatı yalnız Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Tələt Rüstəmova məxsus fərdi təsərrüfatda qeydə alınıb. Digər təsərrüfatlarda isə balıqların kütləvi tələfatı qeydə alınmayıb və rayonda epizootik vəziyyət sabitdir.