“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva pul vəsaitlərinin nağdlaşdırılması ilə bağlı bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda deyilir ki, təşkilat vergi ödəyicilərinə münasibətdə “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi prosesini diqqətlə izləyir, qanunun tələblərinin təcrübədə fərqli tətbiqini nəzərə çatdırır, yaranan vəziyyətin biznes və QHT sektoruna mümkün mənfi təsirlərindən narahatdır: “Şəffaflıq Azərbaycan” ölkədə nağdsızlaşma prosesini dəstəkləyir, lakin bu prosesin nağd əməliyyatlara total qadağa qoyulması yolu ilə deyil, ağlabatan məhdudiyyətlərin tətbiqi vasitəsilə təşviq edilməsini dəstəkləyir. Son vaxtlar qanunun tələblərinin icrası adı ilə bankların müştərilərə (biznes subyektlərinə), o cümlədən QHT-lərə münasibətdə problemlər yaratdığı müşahidə olunur. Elə təəssürat yaranır ki, qanunun qüvvəyə minməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının onun icrası ilə bağlı banklara göndərdiyi göstəriş məktubu aydın anlaşılmayıb, bütün hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən QHT-lərə münasibətdə tətbiq edilməyə başlanıb.
Nəticədə QHT-lərin fəaliyyətində bir sıra problemlər yaranıb. Məsələn, banklar QHT-lərin (maliyyələşmə mənbəyindən asılı olmayaraq) korporativ bank kartları ilə bankomatdan pulu nağdlaşdırmasını faktiki qadağan edib, həmin kartlardan nağd pul vəsaitinin əldə edilməsinə maneələr yaradılıb, kartlar bloklaşdırılıb.
Yaranmış vəziyyət “Şəffaflıq Azərbaycan” təşkilatının regional ofislərinin fəaliyyətinə də təsirsiz ötüşməyib. Hazırda təşkilatımıza məxsus korporativ bank kartı bloklaşdırıldığı üçün regional ofislərimizin əməkdaşlarının nağd pul vəsaiti əldə etməsi heç bir əsas olmadan məhdudlaşdırılıb. Regionlarda nağdsız əməliyyatların aparılması üçün kifayət qədər infrastruktur olmaması kiçik xərclərin nağd formada ödənilməsini qaçılmaz edir. Mövcud çətinlik təşkilatımızın regionlardakı fəaliyyətində lüzumsuz ləngimələrə gətirib çıxarır.
Dövlət büdcəsi hesabına verilən qrantlar əsasında fəaliyyət göstərən QHT-lərə münasibətdə isə ümumiyyətlə nağdlaşdırmanın qadağan olunduğu iddia edilir. Palatanın banklara göndərdiyi məktubda dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin (xərclənməsinin) yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub. Lakin banklar sözügedən müddəanı QHT-lərə dövlət büdcəsi hesabına verilən qrant müqavilələrinə də şamil edib. Ümid edirik ki, qanunun bu müddəası düzgün icra olunaraq bütün satınalma subyektlərinə nisbətdə obyektiv şəkildə tətbiq ediləcək.
Qanunda fərdi sahibkarlara bankomatdan 15 min manata qədər nağdlaşdırma həddi müəyyən edilsə də, praktikada banklar bu məbləği heç bir əsas olmadan 5 min manatadək azaldıb. Təşkilatımıza daxil olan şikayətlərdən məlum olur ki, fərdi sahibkarlara korporativ bank hesablarından ayda cəmi 5 min manata qədər nağdlaşdırma həddi müəyyən edilib. Sahibkar yerdə qalan 10 min manatı nağdlaşdırmaq üçün banka getməyə məcburdur. Hesab edirik ki, bu məhdudiyyətin heç bir qanuni əsası yoxdur”.
Bəyanatda nağlaşdırma ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəalara diqqət çəkilərək yazılır: “Nağdlaşdırma dedikdə həm ödəniş kartları vasitəsilə bankomatdan, həm də birbaşa banka gedərək çıxarılan nağd pul vəsaiti nəzərdə tutulur. Qanuna əsasən, nağdsız əməliyyatlar iki formada – mütləq qaydada və məhdudlaşdırılan nağdsız əməliyyatlar şəklində həyata keçirilə bilər.
Mütləq qaydada nağdsız əməliyyatlar zamanı bircə manat belə nağdlaşdırmaq qadağan edilir və bu qrup əməliyyatlara əməkhaqqı (bəzi istisnalarla), kommunal, icbari ödəmələr, təhsil haqları, turagentlərə edilən ödəmələr, habelə dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) daxildir.
Məhdudlaşdırılan nağdsız əməliyyatlara gəldikdə, nağdlaşdırma zamanı bir sıra limitlər nəzərdə tutulub. ƏDV məqsədləri üçün qeydiyyata alınan və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan yuxarı ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri 30 min manat, digər vergi ödəyiciləri, yəni vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan aşağı olan ticarət və (və ya) ictimai iaşə, xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, habelə büdcə təşkilatları, QHT-lər və digər təşkilatlar bankdan 15 min manat məbləğində pul nağdlaşdıra bilər.
Korporativ bank kartlarından istifadə Mərkəzi Bankın 10 iyul 2012-ci ildə qəbul etdiyi “Ödəniş kartlarının emissiyası və istifadə qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, belə kart istifadəçisi nağd pul vəsaitlərinin çıxarılması hüququna malikdir.
Beləliklə, “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə bağlı korporativ bank kartlarına tətbiq edilən hər hansı məhdudiyyətin leqal olması üçün yuxarıdakı qaydalara əlavə və ya dəyişikliklər edilməli, yaxud yeni qaydalar qəbul olunmalıdır.
Qanunun icrasına nəzarəti həyata keçirən qurum qismində Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara göndərdiyi məktub və ya göstəriş qanun çərçivəsində icra edilməlidir. Palatanın bankların qanundan kənar məhdudiyyətlər yaratmasına dair göstəriş vermək səlahiyyəti yoxdur.
Hesab edirik ki, bu məsələ ilə əlaqədar palatanın kütləvi qanun pozuntularına nəzarəti artırmasına, istehlakçı hüquqlarının qorunmasına dair müvafiq tədbirlər görməsinə, həmçinin sözügedən qanunun fərqli subyektlərə münasibətdə necə tətbiq olunmasına dair banklara müvafiq izahatlar verməsinə ehtiyac var”.