Fransada aprelin 23-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 11 namizədin yarışdığı seçkinin ilk turunda heç kim səslərin 50 faizindən çoxunu toplaya bilməyib. Ən çox səs toplayan iki namizəd – “İrəli” hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhənin lideri Marin Le Pen mayın 7-də keçiriləcək ikinci tura adlayıblar. Emmanuel Makron 23,75%, Marin Le Pen 21,53% səs yığıb.
Sağ və mərkəzçi partiyaların namizədi, sabiq baş nazir Fransua Fiyonu seçicilərin 19,91%-i dəstəkləyib. İfrat solçuları təmsil edən Jan-Lük Melanşon ondan bir az geri qalıb − 19,64%.
Emmanuel Makron 1977-ci il dekabrın 21-də anadan olub. Sosialist Partiyasının üzvü olub. 2014-2016-cı illərdə iqtisadiyyat naziri postunu tutub. 2016-cı ildə “İrəli” hərəkatını yaradıb.
Marin Le Pen 1968-ci il avqustun 5-də anadan olub. Milli Cəbhəyə 1986-cı ildə üzv olub. 2011-ci ildən təşkilatın lideridir. 2004-cü ildən Avropa Parlamentinin üzvüdür.