Onda pensiyanın baza hissəsi 30 faiz artardı…

58 0

Aprelin 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramı nümayəndələrinin iştirakı ilə BƏT-in 2016-2017-ci illər üçün qlobal əməkhaqqı hesabatının təqdimatı olub.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib ki, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə onun əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması, dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunvericiliklə qadağan edilir: “Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir”.

İsayev iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanlarının daha da artırılması yönündə tədbirləri diqqətə çatdırıb, son on ildə ölkədə minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq əməkhaqqının 3,3 dəfə artdığını, nəticə etibarilə yoxsulluq səviyyəsinin 6 faizdən, işsizlik səviyyəsinin isə 5 faizdən aşağı endiyini bildirib: “2016-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əməkhaqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat təşkil edib. Orta aylıq əməkhaqqı neft sektorunda 2805 manat, qeyri-neft sektorunda 444 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 375 manata, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 674 manata çatıb”.

Nazir müavini 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əməkhaqqının sənayedə 14,9 faiz artaraq 900 manata, inşaat sektorunda 18,6 faiz artaraq 814 manata, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4 faiz artaraq 256,6 manata çatdığını deyib.

Əməkhaqqının əhalinin gəlirlərinin formalaşmasında və məcmu istehlakın stimullaşdırılmasında mühüm rol oynadığını qeyd edən İsayev bildirib ki, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 45 milyard 395 milyon manata çatıb, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4710 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5 faiz artıb.

Nazir müavini diqqətə çatdırıb ki, hazırda məşğul əhali dünya əhalisinin 43,1 faizini təşkil edir, yəni dünya iqtisadiyyatında təxminən 3,3 milyard nəfər çalışır və məşğul əhalinin təxminən 50 faizi muzdla çalışanlardır. Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatda məşğul olanların yalnız 31,8 faizi muzdla işləyənlər, yəni əmək müqaviləsi bağlayan şəxslərdir.

İsayev deyib ki, bəzi işəgötürənlər vergi və sığorta ayırmalarından yayınmaq, işçilərin sosial xərclərini üzərilərinə götürməmək məqsədilə şəxsləri qeyri-rəsmi şəkildə işə cəlb edir. Nazir müavini diqqətə çatdırıb ki, real olaraq əməkhaqqının əhalinin gəlirlərində xüsusi çəkisinin 5 faiz artırılması 2,27 milyard manat əməkhaqqının rəsmiləşdirilməsi, 270 milyon vergi və 570 milyon məcburi sosial sığorta ayırmaları deməkdir, bu isə minimum əməkhaqqının 10 faiz, yaşa görə əmək pensiyasının baza hissəsinin isə 30 faiz artırılmasına imkan verərdi.

İsayev vurğulayıb ki, işçinin aylıq əməkhaqqı dövlətin müəyyən etdiyi minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz: “Sonuncu dəfə 2017-ci ilin yanvar ayından onun məbləği 10,5 faiz artırılaraq 116 manat məbləğində müəyyən edilib”.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id