Aprelin 21-də AXCP sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində vəkil Fəxrəddin Mehdiyevin iştirakı ilə dindirilib.
Dindirmə saxta sənədlərlə xaricdə sığınacaq alınması faktı üzrə aparılan cinayət işinin istintaqı ilə əlaqədar olub. AXCP sədri detalları hələ mediaya açıqlanmamış həmin iş üzrə şahid qismində təxminən 4 saat ifadə verib.
İdarədən çıxandan sonra Əli Kərimli jurnalistlərə deyib ki, AXCP adından kimlərəsə saxta sənədlərin verildiyini əslində partiyanın funksionerləri ifşa edib və sosial şəbəkələrdə ictimailəşdirib: “AXCP bu məsələdə əslində zərərçəkəndir və prokurorluğun istəyi olsa, saxtakarlıq edənləri partiya rəhbərliyini dindirmədən də tapa bilər”.
Özünün prokurorluğa ölkədəki iri korrupsiya faktları ilə bağlı dəfələrlə müraciət etdiyini yada salan Əli Kərimli bildirib ki, bu müraciətləri araşdırmayıb əvəzində onu və partiya funksionerlərini dindirməyə çağırmaq, hakimiyyət mediasının bundan qara piar üçün istifadə etməsi AXCP-yə təzyiqdən başqa bir şey deyil.
AXCP sədri hesab edir ki, bütün bunlar Milli Şuranın 8 aprel mitinqinə hakimiyyətin özünəməxsus cavabıdır. Əli Kərimli heç bir təzyiq qarşısında mübarizədən çəkilməyəcəklərini bəyan edib.
Əli Kərimli 1965-ci ildə Saatlı rayonunda anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. AXC hakimiyyəti zamanı (1992-1993) Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi təyin olunub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının liderlərindəndir.
Saxta sənədlərlə mühacir statusu almaq istəyən şəxslərin işi ilə bağlı dindirmələr bu ilin fevralından başlayıb. Həmin ay Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, partiyanın indiki başqanı Arif Hacılı, başqan müavini Gülağa Aslanlı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindiriliblər.
Son günlər istintaq AXCP rəhbərlərini dindirir. Əli Kərimlidən bir gün qabaq AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın təşkilat şöbəsinin müdiri Saqif Qurbanov Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə veriblər.
Xalq Cəbhəsi Partiyası Demokratik Qüvvələrin Milli Şurasının aparıcı qüvvəsini təşkil edir. Qurumun fəaliyyətinə rəhbərlik edən Koordinasiya Mərkəzində Cəmil Həsənli, Əli Kərimli, Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Oqtay Gülalıyev, Şahvələd Çobanoğlu, Tofiq Yaqublu, Rövşən Əhmədli, Gözəl Bayramlı, İbrahim İbrahimli və başqa müxaliflər təmsil olunurlar.
Aprelin 8-də Milli Şura paytaxtda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyanın əsas şüarı “Talana son, monarxiyaya yox, siyasi məhbuslara azadlıq” olub. Aksiya insidentsiz ötüşüb.