Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun direktoru, deputat Aytən Mustafazadə hesab edir ki, “Made in Azerbaijan” brendinin ekoloji sağlam məhsul kimi böyük perspektivi var.
O, AZƏRTAC-A müsahibəsində bildirib ki, qeyri-neft ixracatçılarının respublika müşavirəsində səslənən bütün fikirlərin əsas mahiyyətində Azərbaycanın sağlam gələcəyinə hesablanmış iqtisadiyyatın möhkəm özüllərinin qoyulması və bu tendensiyanın davamlı olaraq inkişaf etdirilməsi dayanır: “Hazırda ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf yeni mərhələyə qədəm qoyub. Əldə olunan ilkin nəticələr əminliklə deməyə əsas verir ki, “Made in Azerbaijan” brendi ekoloji sağlam məhsul kimi böyük perspektivlərə malikdir”.
Aytən Mustafazadə daxili istehsalın və ixrac potensialının artırılmasının aktuallığını diqqətə çatdıraraq, bu istiqamətdə yeni çağırışlara cavab verməyin vacibliyini vurğulayıb: “Əlverişli coğrafi və ekoloji mühitə, zəngin landşafta malik ölkəmizdə mövcud biomüxtəlifliyi qorumaq, gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının borcudur. Doqquz iqlim qurşağının, yeddi landşaft növünün mövcud olduğu ölkəmizdə heç vaxt qida məhsullarının yetişdirilməsi ilə bağlı problem yaşanmayıb. Azərbaycan nəinki daxili tələbatı yerli istehsal hesabına ödəməyə qadirdir, hətta ixrac potensialını da qat-qar artıra bilər. Bunun üçün təcrübəli və savadlı sahibkar düşüncəsinə ehtiyac var. Dövlətimizin başçısı kənd təsərrüfatının inkişafında prioritet istiqamətləri və istehsalçılara dəstək mexanizmlərini müəyyənləşdirib. Hazırda əsas məsələ sahibkarların fəaliyyətlərini bu istiqamətlərə uyğun tənzimləməkdir”.
Geni modifikasiya olunmuş (GMO) məhsulların bütün dünyada sürətlə yayılmaqda olduğunu bildirən Aytən Mustafazadə qeyd edib ki, həmin məhsulların Azərbaycana gətirilməsinin qarşısı almaq istiqamətində tədbirlər görülür: “Zəngin təbiətimizin bizə bəxş etdiyi nemətləri yeni texnologiyalardan istifadə etməklə, keyfiyyətinə xələl gətirmədən təbii şəkildə gələcək nəsillərə ötürməliyik”.
Rəhbərlik etdiyi elmi müəssisənin insanların sağlamlıq hüquqlarının təmin edilməsi baxımından uğurla fəaliyyət göstərdiyini deyən Aytən Mustafazadə bu amilin kənd təsərrüfatının inkişafına töhfə verdiyini diqqətə çatdırıb: “Alimlər, fermerlər və sahibkarlar birgə səylə çalışmalıdırlar ki, kənd təsərrüfatı məhsulları insan sağlamlığı üçün heç bir təhlükə törətməsin. “Made in Azerbaijan” deyiləndə keyfiyyətli və ekoloji sağlam məhsul nəzərdə tutulmalıdır. Ümidvaram ki, orqanik məhsulların təmsilçisi kimi bu brend dünyada tezliklə məşhurlaşacaq. “Made in Azerbaijan” brendi ilə istehsalın artırılması həm də geni modifikasiya olunmuş məhsulların ölkəmizə idxalıının qarşısını alacaq”.