1995-ci ildən qüvvədə olan Azərbaycan Konstitusiyasında 12 bəndlik keçid müddəaları yer alır.
1-ci bənd 1978-ci il aprelin 21-də qəbul edilmiş əvvəlki konstitusiyanın qüvvədən düşməsi barədədir.
2-ci bənd konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş prezidentin yeni ana qanunla verilmiş səlahiyyətləri həyata keçirməsini nəzərdə tutur.
3-cü bəndə əsasən, iki dəfədən artıq təkrarən prezident seçilməyə qadağa yeni konstitusiyanın qəbulundan sonra seçilən prezidentə şamil edilir (2009-cu ildən belə qadağa yoxdur).
4-cü bənddə qeyd olunur ki, Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Milli Məclisin ilk iclas günü başa çatır.
5-ci bənd Nazirlər Kabinetinin yeni konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirməsi ilə bağlıdır.
6-cı bəndə görə, yerli xalq deputatları sovetlərinin səlahiyyətlərinə xitam verilir.
7-ci bənd yerli özünüidarə haqqında qanun qəbul edilməsini və bələdiyyələrə seçkilərin keçirilməsini nəzərdə tutur.
8-ci bənddə deyilir ki, yeni konstitusiyaya zidd olmayan qanunlar və başqa normativ hüquqi aktlar öz qüvvəsini saxlayır.
9-cu bənd məhkəmələrə ədalət mühakiməsini yeni konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirmək hüququ verir.
10-cu bənd hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar qanunların qəbulunu, hakimlərin yenidən təyin edilməsini, 11-ci bənd Konstitusiya Məhkəməsinin yaradılmasını nəzərdə tutur, 12-ci bəndə əsasən, Ali Arbitraj Məhkəməsi İqtisad Məhkəməsi adlanır.
Aktuallığını itirmiş müddəaların konstitusiya mətnində qalması hüquqi baxımdan doğrudurmu?
Hüquqşünas, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Novator.az-a deyib ki, konstitusiyada keçid müddəalarının saxlanması bir çox ölkələrin təcrübəsində var: “Konstitusiya və qanunlarda keçid müddəaları adətən qüvvəyə minmiş yeni normalardan fərqli qaydaların müəyyən müddət ərzində tətbiqini, yaxud dövlət hakimiyyəti mexanizminin və hüquq qaydalarının varisliyini müəyyən edir. Keçid müddəaları adətən müvəqqəti xarakter daşıyır, konkret məsələlərə bir dəfə tətbiq olunur və müəyyən müddət keçdikdən sonra bir növ aktuallığını itirir, nizamlama və ya tətbiqetmə xarakteri daşımır.
Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş keçid müddəaları əsasən dövlət hakimiyyəti mexanizminin yeniləşməsi və bu baxımdan hüquqi varisliyin müəyyən edilməsi ilə əlaqədardır. Onlar ilk baxışdan aktual görünməsə də, hüquqi varisliyin saxlanması üçün əhəmiyyətlidir. Bu baxımdan onların konstitusiyanın mətnində qalması heç bir hüquqi problem yaratmır. Digər ölkələrin də konstitusiya qanunvericiliyi təcrübəsində keçid müddəalarının konstitusiyanın mətnində saxlanması hallarına rast gəlinir”.