“İctimai-siyasi asayiş Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir”. Prezident İlham Əliyev aprelin 17-si Yevlaxda, qeyri-neft ixracatçılarının respublika müşavirəsində belə deyib.
Novator.az-ın məlumatına görə, dövlət başçısı Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini vurğulayıb: “Keçən il turistlərin sayı 11 faiz, bu ilin 3 ayında 25 faiz artıb. Bunu indi gözlə görmək olar. Həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun səbəbləri var, bu, öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində gərginlik var, təhlükələr, qarşıdurmalar, sosial narazılıq artır, kütləvi etirazlar geniş vüsət alıb. Bunların heç biri Azərbaycanda yoxdur. Azərbaycanda xalq-iqtidar birliyi var. Xalq bizim siyasətimizi dəstəkləyir, bəyənir. Azərbaycanda hökm sürən sabitliyin əsas amili də bundan ibarətdir.
Müstəqilliyimizin ilk illərində turizmin inkişafından söhbət gedə bilməzdi. Çünki Azərbaycan çox riskli, kasıb yer idi və turizm infrastrukturu demək olar ki, yox idi. Amma biz turizmin inkişafına xidmət göstərən infrastruktur yaratdıq. Biz, misal üçün, son illər ərzində ölkəmizdə altı beynəlxalq hava limanı yaratmışıq. Onlar demək olar ki, yenidən qurulub. Biz bunu yaradanda ilk növbədə insanların rahatlığını nəzərə alırdıq. Bu gün bu beynəlxalq hava limanları müxtəlif ölkələrə uçuşlar təşkil edir. Amma indi biz görürük ki, bunun turizmə nə qədər böyük faydası var. İndi birbaşa reyslər açılır. Gəncədən, Naxçıvandan, Qəbələdən, Lənkərandan birbaşa reyslər açılır və o reyslərin sayı artır. Əvvəlki illərdə bu reyslərdən ancaq xaricdə yaşayan azərbaycanlılar, yaxud da qonaqlar istifadə edirdilər. Amma indi bu reyslərdən turizm məqsədilə istifadə olunur. Bu aeroportlar və Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu bu səviyyədə olmasaydı, turizmin inkişafından söhbət gedə bilməzdi.
Gözəl, müasir yollar salınıb. Bax, Bakı-Yevlax yolu indi dünyanın ən gözəl standartlarına cavab verir. Bizim qonşu ölkələrlə magistral yollar ya tam istifadəyə verilib, ya da ki, yaxın zamanlarda istifadəyə veriləcək. Bütün bölgələrdə infrastruktur layihələri mövcuddur – elektrik, qazlaşdırma, içməli su. Həm Bakıda, həm də bölgələrdə ən müasir otellər yaradılıb. Əlbəttə ki, bizim təbii şəraitimiz, gözəl iqlim, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəx, tarixi abidələr, bunlar da rol oynayır.
Hesab edirəm ki, turizmin inkişafı üçün həlledici rol oynayan bizim vizalarla bağlı siyasətimizdir. “ASAN viza”nın fəaliyyətə başlaması və vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi bu axını təmin edib. Biz ancaq turizmin inkişafının birinci mərhələsindəyik. Çünki hələ Azərbaycanı tanıma prosesi gedir. Bu tanıma prosesində ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər rol oynayıb, həm Avropa Oyunları, həm bu yaxınlarda keçiriləcək İslam Həmrəyliyi Oyunları və xüsusilə Formula-1 yarışları. Formula-1-in 500 milyon auditoriyası var. Onların hər biri şəhərimizin gözəlliyini öz gözü ilə görür və onların bir çoxu Bakıya gəlmək istəyir.
Bunlar turizmi inkişaf etdirən əsas amillərdir. Onu da demək istəyirəm ki, biz turizmə də ixrac məhsulu kimi baxmalıyıq. Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi yer də Azərbaycandır. Budur bizim siyasətimizin nəticələri.
Bölgələrdə müasir turizm infrastrukturu inkişaf etdirilməlidir. Mən sahibkarları da dəvət edirəm. Sahibkarlar bilsinlər ki, yeni otellərə böyük ehtiyac olacaq. Çünki hələ indi – qış mövsümündə Bakıdakı otellərin 85-90 faizi doludur. Görün, yay mövsümündə nə olacaq? Boş yer olmayacaq. Ona görə Bakıda və bizim əsas turizm mərkəzlərində yeni otellərin yaradılması çox böyük əhəmiyyət daşıyır və bunun biznes üçün də çox böyük faydası olacaq”.
Kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı məsələlərə toxunan prezident deyib ki, meyvə-tərəvəz istehsalı artır: “Ən çox gəlir gətirən, valyuta gətirən pomidor və xurmadır. Buna ən çox maraq var. Ona görə sahibkarlar da bunu nəzərə alsınlar. Logistika mərkəzləri yaradılmalıdır. Vaxtilə biz bir çox soyuducu anbarlar tikmişik. Ancaq bu soyuducu anbarlar əvvəlki istehsal həcminə hesablanıb. Növbəti illərdə bizə əlavə soyuducu anbarlar lazım olacaq. İqtisadiyyat Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, sahibkarlar özləri də bunu nəzərə alsınlar. Soyuducu anbarların potensialı bizim istehsalımızla uzlaşdırılmalıdır. Elə olmasın ki, biz istehsal etdiyimiz məhsulu saxlaya bilməyək.
Pambıqçılığın inkişafı sürətlə gedir. Bu rəqəmlər artıq bir neçə dəfə səslənib, bir daha səsləndirmək istəyirəm. 2015-ci ildə 35 min ton, 2016-cı ildə 90 min ton pambıq tədarük olunub. Hesab edirəm, bu il ən azı təqribən 250 min ton pambıq tədarükü gözlənir. Əgər bu templə getsək, biz 3-4 ilə təqribən 400-500 min ton pambıq istehsal edəcəyik.
Üzümçülüyü bərpa etməliyik və bərpa edirik. Yeni üzüm bağları salınmalıdır və bizim şərab zavodlarımız da tam gücü ilə işləməlidir. Mənə verilən məlumata görə, şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır. Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik. Ona görə üzüm istehsalı, o cümlədən texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır. Məndə olan məlumata görə, keçən il ixrac artıb. Ancaq əgər biz rəqəmlərə baxsaq görərik ki, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Biz şərab və konyak məhsullarının istehsalını və ixracını ən azı 5 dəfə artıra bilərik, özü də qısa müddət ərzində. Biz buna da nail olmalıyıq. Üzümçülüyün, şərabçılığın inkişafı ilə bağlı əlavə təkliflər hazırlanacaq.
Tütünçülüyün böyük potensialı var. Biz bu sahəni də bərpa etməliyik. Sovet vaxtında indikindən 10 dəfə, bəlkə də ondan da çox tütün tədarük edilirdi. İndi bu il 3 min hektarda tütün əkilib və təqribən 3-4 min ton quru tütün tədarük ediləcək. Biz bu rəqəmi qısa müddət ərzində 10 min ton səviyyəsinə qaldırmalıyıq. Buna da nail olmaq mümkündür”.
İlham Əliyev deyib ki, 2017-ci ilin birinci rübündə ən böyük yüksəliş pambıq lifinin ixracında olub, 700 faizdən çox artım qeydə alınıb: “Süd məhsullarının ixracı 260 faiz artıb. Meyvələr arasında ən böyük ixrac artımı almada olub – 144 faiz. Nar 125 faiz artıb. Bunlar çox yaxşı göstəricilərdir.
2016-cı ildə bizə ən çox valyuta gətirən məhsulları da qeyd etmək istəyirəm. Birinci yerdə fındıqdır – ölkəmizə 105 milyon valyuta gəlib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olub. Bu il 100 ton olacaqdır. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik. Eyni zamanda bu il badam bağlarının salınmasına başlanıb. Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var. Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki, buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki, ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var.
Deməli, birinci yerdə fındıqdır, ikinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır – 68 milyon dollar, dördüncü yerdə şəkərdir – 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni idxala pul ayrılmayacaq. Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər.
Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik.
Sənaye məhsulları arasında isə birinci yerdə plastik məmulatlardır – təxminən 100 milyon dollar. İkinci yerdə alüminium və ondan hazırlanan məmulatlardır – bu da 100 milyon dollara yaxındır. Biz alüminium sənayesini mütləq sürətlə inkişaf etdirməliyik. Üçüncü yerdə qara metallar və onlardan hazırlanan məmulatlardır – 96 milyon dollar. Dördüncü yerdə qiymətli metallardan hazırlanan məmulatlardır – 77 milyon dollar. Beşinci yerdə kimya sənayesi məhsullarıdır – 55 milyon dollar. Mən bu rəqəmləri nəyə görə səsləndirirəm? Ona görə ki, sahibkarlar da, ictimaiyyət də bunu bilsin, həm müsbət dinamikanı, həm də bizim potensialımızı görsünlər. Ona görə ixracın inkişafı, artırılması ən əsas məsələlərdən biridir. Bir daha demək istəyirəm ki, dövlət sahibkarlar üçün hər şey edir. Dövlət infrastruktur yaradıb, kreditlər, subsidiyalar verir, fermerləri vergilərdən azad edib, aqrolizinq yaradıb, texnika alıb gətirir və paylayır. Gübrəni 70 faiz güzəştlə paylayır, yanacaq da həmçinin. Ticarət evləri yaradır, ixrac missiyaları, sərgilər təşkil edir. “Azexport” portalı, “Made in Azerbaijan” brendi, investisiya və ixrac təşviqi yaradıb. Bundan sonra sahibkarlara ancaq bunlardan istifadə etmək və öz imkanlarını genişləndirmək, ölkəmizə daha böyük fayda gətirmək qalır”.