Aprelin 18-də “İnşaatçılar” metro stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayıb. 1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, istismar müddətini baş vurmuş eskalatorların dəyişdirilməsi üçün 2017-ci il yanvarın 23-dən bağlanmışdı.
“Bakı Metropoliteni” QSC-nin rəsmi məlumatına görə, təmir müddətində stansiyanın 30 illik istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela” tipli analoqları ilə əvəzlənib.
Eskalatorların maşın zalı, vestibülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Sərnişin keçid məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında “BakıKart” kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub.
Həm girişdə eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib və bu, görmə məhdudiyyətli sərnişinlərin səmti asanlıqla müəyyənləşdirməsi üçün nəzərdə tutulub.
Təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.