Türkiyədə aprelin 16-da keçirilmiş konstitusiya referendumunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, seçicilərin 51,41 faizi ana qanunda 18 maddəlik dəyişiklik təklifinin lehinə səs verib, 48,59 faizi bunun əleyhinə çıxıb.
Yeniliyə əsasən, dövlət başçısı partiya üzvü olmaq hüququ alır. 2019-cu ildən isə ölkə prezident idarə üsuluna keçir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident həm də hökumət başçısı olur. Parlamentin səlahiyyətləri isə əsasən qanunvericilik işi ilə məhdudlaşır.
Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Prezident isə dövlət başçısıdır.
Hakim Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası konstitusiya islahatı layihəsini dəstəkləyib. Ana müxalifət – Cümhuriyyət Xalq Partiyası, eləcə də Xalqların Demokratik Partiyası, Vətən Partiyası, Səadət Partiyası və başqa müxalif partiyalar konstitusiya islahatının əleyhinə çıxıb.
Aprelin 16-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana zəng edib. O, Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə prezidenti və Türkiyə xalqını təbrik edib, referendumun nəticələrini xalqın dövlət başçısının siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.
Ədalət və İnkişaf Partiyasının qurucusu Rəcəb Teyyub Ərdoğan 2014-cü ildə ümumxalq seçkisində 5 il müddətinə prezident seçilib. Partiya 2002-ci ildən təkbaşına hakimiyyətdədir, Rəcəb Teyyub Ərdoğan 2014-cü ilədək baş nazir olub.