“Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir”. Prezident İlham Əliyev aprelin 17-si Yevlaxda, Aran Regional İnkişaf Mərkəzində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində belə deyib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, hökumətin fəaliyyətinin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialını artırmaqdan ibarətdir: “Biz bu yolla gedirik. Sahibkarlarla mənim müntəzəm olaraq ildə bir neçə dəfə görüşlərim keçirilir. Son 13-14 il ərzində yüzlərlə sahibkarla görüş keçirilib. Mən sahibkarlıq fəaliyyəti sahəsində bir çox müəssisələrin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət çox böyük dəstək, həmçinin siyasi dəstək verir.
Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda sahibkarlar da ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar.
O ki qaldı dövlət siyasətinə, bir daha demək istəyirəm, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Qeyd etdiyim kimi, sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda dövlət qurumlarından çox böyük metodiki dəstək göstərilir, belə gözəl regional inkişaf mərkəzləri yaradılır, bu, ikinci mərkəzdir. Mən Xaçmaz rayonunda birinci mərkəzin açılışında da şəxsən iştirak etmişdim. Sahibkarlar üçün Yevlax rayonundakı bu Aran Regional İnkişaf Mərkəzini də dövlət tikib istifadəyə verib. Bu da sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir.
Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər, eyni zamanda sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, heç daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir”.
İlham Əliyev regional inkişaf proqramlarına toxunaraq deyib: “2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü regional inkişaf proqramları qəbul olunub. Birinci və ikinci proqram artıqlaması ilə icra olunub. O proqramlarda nəzərdə tutulan bütün vəzifələr həyatda öz əksini tapıb. Hazırda biz üçüncü regional inkişaf proqramının icrası ilə məşğuluq. Əminəm ki, bu proqram da uğurla icra ediləcək.
Bu proqramların icrası nəticəsində biz nələri əldə etdik? İlk növbədə regionlarda müasir infrastruktur yaradıldı. Əgər biz infrastruktur layihələrinə vəsait qoymasaydıq, heç bir inkişafdan söhbət gedə bilməzdi. 2004-cü ildən bu günə qədər Azərbaycanda əsas infrastruktur layihələri icra edilib. Biz elektrik enerjisini idxal edirdik, artıq ixrac etməyə başlamışıq, 30-a yaxın elektrik stansiyası tikilib istifadəyə verilib. Bu, inkişaf üçün birinci şərtdir. Əgər enerji gücü olmasa, heç bir müəssisəni yaratmaq mümkün olmayacaq. Digər tərəfdən infrastruktur layihələrimiz sosial xarakter daşıyır. Çünki dayanıqlı enerji ilə vətəndaşları təmin etmək hər bir dövlətin borcudur. Biz buna da nail olduq.
Azərbaycanda qazlaşdırma 92 faizə çatıb. Ancaq biz bununla kifayətlənmirik. Növbəti illərdə daha da yüksək faizə çatacağıq.
Birinci proqram qəbul olunandan sonra 11 min kilometrdən çox uzunluğu olan yollar salınıb. Bütün qonşu ölkələrlə bizi birləşdirən yollar ya istismara verilib, ya da ki, artıq buna yaxındır. Kənd yollarının salınması geniş vüsət alıb.
3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib, yaxud təmir edilib. Böyük meliorasiya layihələri icra edilib. Bir sözlə, regional inkişaf proqramlarının icrası öz gözəl nəticələrini verib. Minlərlə yeni müəssisə yaradılıb. Bir milyon 700 min yeni iş yeri yaradılıb, onların bir milyon 300 mini daimi iş yeridir”.
Prezident deyib ki, qeyri-neft sektoru iqtisadiyyatın təxminən 65 faizini təmin edir: “İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq.
Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq. Çünki götürdüyümüz bu temp və geniş vüsət almış islahatlar, o cümlədən sahibkarların bizim siyasətimizə göstərdiyi praktiki dəstək, – onlar öz işi ilə, öz investisiyaları ilə bunu göstərirlər, – deməyə əsas verir ki, 2017-ci il çox uğurlu il olacaq. Eyni zamanda biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”.
Dövlət başçısı qeyd edib ki, “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır: “Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik. Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün ilk növbədə daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaq”.
Müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev və bir neçə sahibkar çıxış edib. Prezident müşavirədə yekun nitqi söyləyib.