“Həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır”
AZƏRTAC prezident İlham Əliyevin aprelin 17-si Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki yekun nitqinin mətnini yayıb. Dövlət başçısı deyib ki, növbəti illərdə ixrac yönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir: “Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir – həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər ixrac yönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixrac yönümlü məhsullar, eyni zamanda daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Bu məsələlərin həllində yerli icra orqanları da fəal iştirak etməlidirlər. Əlbəttə ki, burada əsas yük dövlət qurumlarının üzərinə düşür.
Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünya miqyasında 37-ci yerə layiq görüb. İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət eyni zamanda bu amilə də əsaslanacaq – bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər.
Təbii ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. Əks təqdirdə onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələrdə tanınmalıdır.
Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda duran ən vacib məsələlərdən biridir. Çünki ölkə inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən kadrlar hazırlıqlı olmalıdır. Xüsusilə ixrac yönümlü müəssisələrdə hazırlıqlı kadrların təlimi mühüm məna daşıyır və dövlət orqanları bu işlərdə fəal olmalıdırlar.
İxrac prosedurlarını sadələşdirmək lazımdır. Bu istiqamətdə də addımlar atılır. Əvvəlki illərdə olduğu kimi indi ixrac qarşısında süni əngəllər yoxdur. Ancaq eyni zamanda həm institusional tədbirlər görülməlidir, həm də real həyatda bütün müvafiq dövlət qurumları ixracı stimullaşdırmaq və asanlaşdırmaq üçün əlavə səylər göstərməlidirlər”.
İlham Əliyev deyib ki, “Made in Azerbaijan” brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir: “Biz eyni zamanda böyük dövlət şirkətlərini və özəl şirkətləri də bu işə cəlb etməliyik ki, onlar da fəaliyyət göstərdikləri ölkələrdə bu brendi təbliğ etsinlər. Xüsusilə burada dövlət qurumlarından söhbət gedir. O şirkətlər ki, onların xaricdə geniş fəaliyyət dairəsi var, ilk növbədə Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Dəmir Yolu və digər böyük dövlət şirkətlərimiz xarici tərəfdaşlarla təmasdadırlar, xarici ölkələrdə fəaliyyət göstərirlər. Onlar “Made in Azerbaijan” brendinin təbliğində fəal iştirak etməlidirlər və müntəzəm olaraq dövlət qurumlarına məlumat verməlidirlər ki, bu brendin təbliğində hansı işləri görüblər. Ola bilər İqtisadiyyat Nazirliyi onlar üçün xüsusi bir tövsiyə, necə deyərlər, metodiki kitabça da hazırlasın ki, onlar bu işi planlı şəkildə aparsınlar. Çünki bunu hamı yaxşı bilir ki, reklam ticarətin ayrılmaz hissəsidir.
Biz xarici bazarları da geniş təhlil etməliyik, araşdırmalıyıq. Çünki indi bazarlar uğrunda mübarizə gedir. Bizə elə gəlməməlidir ki, biz burada istehsalı artıracağıq, ixrac yönümlü məhsulları istehsal edəcəyik və ondan sonra bütün məsələlər öz həllini tapacaq. Yox, biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. Bunun üçün ilk növbədə xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri. Biz də bunu yaxşı bilirik ki, indi bir çox ölkələr daxili tələbatını daxili istehsal hesabına təmin etmək istəyirlər və təkcə biz bu işlə məşğul olmuruq. Ona görə bizim üçün bilmək vacibdir ki, məsələn, ənənəvi bazarlarda hansı tendensiyalar gedir, hansı dövlət proqramları icra edilir və bu proqramların nəticəsində hansı məhsulun yetişdirilməsi, istehsalı gözlənir və öz işimizi buna uyğun şəkildə planlaşdırmalıyıq. Bizim üçün indi ənənəvi bazarlar var və o bazarlara ənənəvi məhsulumuz ixrac edilir. Ancaq bir gün o bazarlarda, o ölkələrdə onlar daxili tələbatı təmin edəcəklər, bizim məhsulumuza ehtiyac olmaya bilər, onda biz nə edəcəyik? Ona görə çox ciddi analiz aparılmalıdır ki, mövcud vəziyyət və potensial vəziyyət nədən ibarətdir.
Bununla paralel olaraq biz yeni bazarlara çıxmalıyıq. Elə fikirləşməməliyik ki, bizim burada ənənəvi qonşuluqda bazarlarımız var və nə istehsal ediriksə, onu da oraya göndəririk. Biz bu sahədə də çox dəqiq siyasət aparmalıyıq. İxracın şaxələndirilməsi məsələləri təkcə çeşidlərlə ölçülmür. Biz coğrafiyanın şaxələndirilməsinə və bütövlükdə yeni bazarlara çıxışa nail olmalıyıq, ənənəvi bazarlarda mövqelərimizi daha da möhkəmləndirməliyik. Bunun, əlbəttə ki, müxtəlif yolları var. İlk növbədə və ən başlıcası hesab edirəm ki, burada əsas məsələ yaxşı siyasi əlaqələrin mövcudluğudur. Azərbaycanın demək olar ki, bütün ölkələrlə, o cümlədən qonşu ölkələrlə çox yaxşı işgüzar dostluq münasibətləri var. Bu, bu gün dünya miqyasında o qədər də tez-tez rast gəlinən mənzərə deyil. Daha çox qonşular arasında mübahisələr olur, problemlər yaranır. Ermənistan istisna olmaqla bizim heç bir qonşu ilə heç bir problemimiz yoxdur. Əksinə, son illər ərzində apardığımız siyasət nəticəsində dörd qonşu ölkə ilə bizim münasibətimiz sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Ona görə bu imkanlardan sahibkarlar da istifadə etməlidirlər. Onlar üçün qonşu bazarlara və hər hansı bir bazara çıxış əldə etmək üçün heç bir siyasi əngəl yoxdur. Amma biz görürük ki, harada siyasi problemlər var, bu, sahibkarlara da dərhal təsir edir, müxtəlif bəhanələrlə məhdudedici tədbirlər görülür, ixrac üçün problemlər yaranır. Bizim sahibkarlar bundan azaddırlar. Bizim siyasətimizin sayəsində bu yoxdur”.
İlham Əliyev ötən ildən xarici kütləvi informasiya vasitələrində reklam kampaniyalarına başlandığını deyib: “Bunu turizmə, eyni zamanda Azərbaycanda istehsal olunan mallara aid etmək olar. Bu iş də müntəzəm olaraq aparılmalıdır. Bunun üçün müvafiq büdcə ayrılmalıdır və hesab edirəm ki, dövlət burada da sahibkarlara kömək göstərməlidir. Çünki sahibkar o əlavə vəsaiti xərcləmək üçün, əlbəttə, yüz dəfə fikirləşər ki, bu reklamı yerləşdirsin, yoxsa yox. Ona görə bizdə hələ ki, reklamla bağlı o qədər də böyük anlayış yoxdur. Yəqin ona görə ki, indi ixrac ediləcək məhsulların həcmi böyük deyil. Biz bunu etiraf etməliyik. Odur ki, dövlət öz hesabına bizim əsas ixrac yönümlü malların təbliği üçün xarici kütləvi informasiya vasitələrində, televiziyalarda, qəzetlərdə reklam kampaniyaları təşkil etməlidir.
Qoy sahibkarlar istehsal etdikləri və hansı ölkələrə ixrac etdikləri məhsullar haqqında İqtisadiyyat Nazirliyinə öz təkliflərini versinlər. Biz buna başlamalıyıq. Əlbəttə ki, birinci mərhələdə buna qonşu ölkələrdə, MDB məkanında başlamalıyıq. Bu, bizim sahibkarlara növbəti çox gözəl dəstəyimiz olacaq”.
Prezident yeni bir ixrac istiqamətinin yaradıldığını vurğulayıb: “Bu da hərbi texnikanın ixracıdır. Bu da yenilikdir. On il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi ki, Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda bunu ixrac edəcək. Bu gün bu, reallıqdır, biz buna nail olmuşuq. Müdafiə Sənayesi Nazirliyi yarananda biz artıq bilirdik ki, bu gün gələcək və gəldi. Bu gün nəinki biz ordumuzun əsas tələbatını özümüz ödəyirik, biz ixrac da edirik.
Biz öz resurslarımızdan səmərəli şəkildə istifadə etməliyik. Bu istiqamətdə də işlər ardıcıl gedir. Azərbaycanın zəngin təbii ehtiyatları var. Bizim təbii ehtiyatlarımız təkcə neftlə, qazla məhdudlaşmır. Bizim qızıl yataqlarımız var və bir müddət bundan əvvəl “AzerGold” dövlət qurumu, səhmdar cəmiyyəti yaradılıb. Artıq o həm qızıl yataqlarının işlənməsi, həm də ixracı ilə məşğuldur. Təkcə qızıl yataqları deyil, bizdə gümüş yataqları, digər qiymətli metalların ehtiyatları var. Bu sahə dövlətə çox böyük gəlir gətirəcək. Milyonlarla, on milyonlarla dollar ixrac potensialı yaranır və artıq bu işlər müasir əsaslar üzərində qurulub. Bu da böyük ixrac potensialımızdır. Dövlət öz dəstəyini göstərir, göstərəcək ki, “AzerGold” dünya səviyyəli bir mədənçilik şirkətinə çevrilsin.
Bizim böyük bir sərvətimiz də var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik. Bu da dəmir filizidir. Hələ Çar Rusiyası dövründə, həmçinin sovet vaxtında bizim dəmir filizimizə çox böyük maraq var idi. Hələ Çar Rusiyası zamanı Avropadan buraya gəlmiş insanlar, o vaxtın biznesmenləri buna çox böyük maraq göstərirdilər və işləri də təşkil etməyə çalışırdılar. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməyib. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülüb. Hətta dövlət qurumu da yaradıldı, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər. Həm bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə Daşkəsən dəmir filizi yatağının işlənməsi və vahid istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir”.