Siyasi şərhçi Şahin Cəfərli erməni general Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna təyin olunmasına münasibət bildirib.
Yuri Xaçaturov aprelin 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkekdə keçirilən sammitində baş katib təyin olunub. 65 yaşlı Yuri Xaçaturov Tbilisi Artilleriya Komanda Məktəbinin məzunudur. Uzun illər sovet ordusunda qulluq edib. 1987-1989-cu illərdə Əfqanıstanda xidmət keçib. 1992-ci ildən Ermənistan ordusunda xidmətə başlayan Yuri Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak edib. General-polkovnikdir. 2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2016-cı ilin oktyabrında Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Novator.az-a danışan Şahin Cəfərli deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna Ermənistan təmsilçisinin təyinatı gözlənilən olsa da, Azərbaycana təzyiq siyasətində rıçaq ehtimalı istisna deyil: “Qurumun əvvəlki baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti hələ 2015-ci ilin sonunda bitmişdi. Həmin ilin dekabrında təşkilatın Moskva sammitində onun səlahiyyət müddəti 1 il uzadıldı. Rotasiya qaydasına uyğun olaraq sədrlik Ermənistana keçməli idi. Bu keçid 1 ildən çox ləngidi. Ləngimə Azərbaycanın yaxın dostu və tərəfdaşı Qazaxıstanın tərəddüdləri və iradları ilə bağlı idi. Qazaxıstan Ermənistan təmsilçisinin təyinatı nəticəsində Dağlıq Qarabağ mövzusunun təşkilat daxilində müntəzəm qaldırılması və aktuallaşdırılmasından ehtiyatlanırdı və bununla razı deyildi. Rusiyanın Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu istiqamətdə narahatlığını aradan qaldıran hansısa vəd verib-vermədiyini bilmirik, hələ ki, bu barədə məlumatımız yoxdur. Amma təyinatın indiki mərhələdə baş tutması Azərbaycana təzyiq siyasətinin bir həlqəsi də ola bilər. Bu versiyanı istisna etməzdim.
Diqqətli müşahidəçi üçün son vaxtlar rəsmi Moskvanın Bakı ilə münasibətlərdə təzyiq xarakterli addımlar atmağa başladığını görmək çətin deyil. Buna misal kimi Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə məsələ qaldırılmasını göstərmək olar.
Rusiyalı jurnalist Vladimir Solovyovun (Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin teleaparıcısı – red.) Azərbaycana səfərdən sonra verdiyi açıqlamaları da bu təzyiq siyasətinin tərkib hissəsi kimi qiymətləndirmək mümkündür. Dəqiq məlumatım olmasa da, düşünürəm ki, Solovyovun səfərdən sonra verdiyi açıqlamalar Azərbaycan tərəfi ilə razılaşdırılmayıb. Yəni əslində prezident İlham Əliyev Solovyova müsahibə verməyib, rusiyalı jurnalist şəxsi söhbət zamanı deyilmiş fikirləri yayıb.
Başqa görünməyən məqamlar da mövcuddur. Arxa planda müəyyən proseslər gedir. Azərbaycana şimaldan təzyiqlər var. Lakin bu, artıq başqa söhbətin mövzusudur”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə Rusiyanın təşəbbüsü ilə yaradılıb. Təşkilata Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan daxildir.