Məhkəmə-Hüquq Şurası bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclas keçirib. Rəsmi məlumata görə, aprelin 13-də keçirilən iclasda çıxış edən şura sədri, ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il sərəncamına toxunub. Sərəncamın icrası üzrə tədbirlər müzakirə olunub, həbs qətimkan tədbirinin seçilməsinə yanaşmanın köklü surətdə dəyişməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə nail olunması sənədin əsas məqsədlərindən biri kimi müəyyən edilib.
Bildirilib ki, Ali Məhkəmə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsini əvvəllər ümumiləşdirib, məhkəmələrə məsələyə həssaslıqla yanaşılması tövsiyə edilib, bu sahədə kobud pozuntulara görə Məhkəmə-Hüquq Şurası 15 hakimi ciddi intizam məsuliyyətinə cəlb edib, 3 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə qərar çıxarılıb. Bununla belə köklü dönüşün baş vermədiyi, həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verildiyi vurğulanıb.
Şura sədri qeyd edib ki, məhkəmələrdə baxılan cinayət işlərinin və bütövlükdə məhkum etmənin sabitliyi ölkədə ictimai təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsində önəmli nailiyyətdir: “Lakin təəssüf ki, barəsində həbs qətimkan tədbiri seçilən və həbs müddəti uzadılan, habelə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin sayı xeyli artıb. Bununla əlaqədar həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətinin uzadılması ilə bağlı təcrübə Ali Məhkəmədə ümumiləşdirilərək bu günlərdə plenumun geniş iclasında müzakirə olunub, bu sahədə nöqsanların aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılması məqsədilə bütün məhkəmələrə icmal məktubunun göndərilməsi qərara alınıb.
Şura iclasında 10 fevral 2017-ci il sərəncamında verilmiş tapşırıqların icrası məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin yaratdığı birgə işçi qrupunun məlumatı dinlənib. Cəza siyasətinin humanistləşdirilməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişikliyin edilməsi, o cümlədən iqtisadi sahədə törədilən bir çox cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların nəzərdə tutulması ilə bağlı, habelə şərti məhkum etmə və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi barədə hazırlanmış qanun layihəsi ətraflı müzakirə edilib.
Eyni zamanda bildirilib ki, sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanması nəticəsində 450-yə yaxın həbsdə olan şəxs qanuni əsaslarla istintaq təcridxanalarından azadlığa buraxılıb, təcridxanalara daxil olan həbs edilmiş şəxslərin sayı xeyli azalıb.
İclasda qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə 6 hakim barədə intizam icraatı başlanıb.