Mədəniyyət və Turizm Nazirliyinin uşaq musiqi və incəsənət məktəblərində əmək haqları azaldılıb. Maaşların orta hesabla 10 faiz kəsildiyi bildirilir.
Nazirlik müəllimlərin əmək haqlarına yenidən baxılmasının səbəbləri və meyarları haqda suallara cavab vermir.
Müəllimlər deyirlər ki, martın əməkhaqqını ixtisarla alıblar. Bəzilərinin əməkhaqqı 40 manatadək azalıb.
Məsələ ilə əlaqədar “Azadlıq” radiosu Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Nazirlik sorğuya birbaşa deyil, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi vasitəsilə cavab verib. İdarədən “Azadlıq”a göndərilən məktubda deyilir ki, hazırda uşaq musiqi, incəsənət məktəblərində islahatlar məqsədilə uyğun tədbirlər gerçəkləşdirilir. Məqsəd səmərəli idarəetmə sistemi formalaşdırmaq, məktəblərdə ödənişli təhsilin inkişafını təmin etməkdir. “… İslahatlar nəticəsində ödənişli təhsildən gəlir olduqda müəllimlərin əmək haqlarına əlavələrin edilməsi nəzərdə tutulacaq”.
Ötən ilin dekabrında Milli Məclisdə büdcə müzakirələri aparılarkən maliyyə naziri Samir Şərifov deputatlara demişdi ki, musiqi məktəblərinin birgə maliyyələşdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi ilə məsləhətləşmələr aparılıb. Nazir bildirmişdi ki, musiqi məktəblərinə lazım olan vəsaitin bir hissəsini dövlət, digər hissəsini valideynlər ödəyə bilər. Samir Şərifov vurğulamışdı ki, əgər valideyn övladının bu və ya digər sahədə öyrənməsini, ixtisaslaşmasını istəyirsə, az da olsa, bu prosesdə iştirak etməlidir.
Hələlik hökumət musiqi və incəsənət məktəblərində təhsil haqqının tətbiqi və valideynlər tərəfindən ödənilməsi haqda qərar verməyib. Məsələ ictimai müzakirəyə də çıxarılmayıb. Amma 2017-ci ildən rayon mədəniyyət və turizm idarələri ləğv olunub, onların yerində Bakı Mədəniyyət və Turizm İdarəsi və 15 regional idarə yaradılıb. 2017-ci ildə dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə 103 milyon 729,7 min manat vəsait ayrılıb ki, bu, 2016-cı ildəkindən 21,3 milyon manat və ya 17,1 faiz azdır. Mədəniyyət sahəsi üzrə büdcə xərclərinin daha çox azaldılması nəzərdə tutulurdu. Parlamentdə müzakirələrdən sonra hökumət 3 milyon manat güzəşt etdi.
Mədəniyyət sahəsində çalışanların əmək haqlarının azaldılmasına Maliyyə Nazirliyi də münasibət bildirib. Qurumun mətbuat katibi Mais Piriyev “Azadlıq” radiosunun sorğusuna cavabında deyib ki, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda “əmək haqlarının martdan ixtisar edilməsi haqda məlumatlar cəfəngiyyatdır”. O əlavə edib ki, 2017-ci ilin dövlət büdcəsində ötən ilə nisbətən əməyin ödənişi fondu üzrə 6,5 faiz artım nəzərdə tutulub.