“Kompüter və telefondan çox istifadə onurğa yırtığı yaradır”
Beyin-sinir cərrahiyyəsi tibbin ən çox diqqət və təcrübə tələb edən sahələrindən biridir. İstər təhsilin gərginliyi, istərsə də praktik tətbiqlərin çətinliyi səbəbindən neyrocərrahların sayı çox deyil. Çox vaxt əməliyyatlar 8-15 saata qədər davam edə bilir. Bu səbəbdən bir sıra ölkədə bu sahənin mütəxəssislərinə daha çox önəm verilir. Müsahibimiz “Caspian International Hospital”ın beyin-sinir cərrahiyyəsi uzmanı Ruslan Yunusovdur.
O, 2009-cu ildə Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirib. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında internaturanı başa vurub. 2011-2016-cı illərdə Ankarada Hacettepe Xəstəxanasında beyin cərrahı üzrə uzmanlıq ixtisasını bitirib və elə həmin ildə də uzman olaraq Azərbaycana geri dönüb.
– Bu vaxta qədər neçə əməliyyat aparmısız?
– Azərbaycanda ortalama həftədə bir-iki əməliyyatımız olur. Amma bizim Türkiyədəki təcrübəmiz daha zəngin və gərgin olub. 4-5 il içərisində minə yaxın əməliyyatda iştirak etmişik. Çünki ora həm mərkəz, həm də universitetin xəstəxanası olduğuna görə xəstə çox olurdu. Neyrocərrahiyyədə onurğa beyinin, beyin şişləri, bel yırtıqları və körpə uşaqlarda hidrosefaliya xəstəliyi (beyinə su yığılma) və digər sahələrdə əməliyyatlar həyata keçirilir.
– Beyin xəstəlikləri daha çox hansı yaş qrupunu əhatə edir?
– Bizim xəstə populyasiyamız hər yaş dövrünü əhatə edir. Xəstəliklər də insanların yaş dövrünə görə fərqlənir. Beyin şişləri hər yaşda rast gəlinsə də, daha çox 40-60 yaş arası xəstələrdə olur. Kəllə-beyin travmalı xəstələr isə əsasən 18-35 yaş arası insanlardır. Boyunda və beldə olan fəqərəarası disklərin yırtığında vəziyyət bir qədər fərqlidir. Yırtıqlar daha çox əhalinin aktiv fiziki işdə çalışan hissəsində əmələ gəlir. Bu da əsasən 20-50 yaş arası insanlardır. Uşaqlarda isə daha çox anadangəlmə inkişaf qüsurları, hidrosefaliya və beyin şişləri rast gəlinir.
– Müasir dövrdə neyrocərrahiyyədə ən çox yayılan xəstəliklər hansıdır?
– Hazırda ən çox rast gəlinən xəstəlik bel və boyun yırtığıdır. Bu, sırf həyat tərzindən yaranan xəstəlikdir. Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. İnsanlar lazım oldu-olmadı mütəmadi kompüter və telefonlardan istifadə edirlər. Bu da onurğamızın fizioloji tamlığını pozaraq yırtıqların əmələ gəlməsinə şərait yaradır. Bundan başqa ağır fiziki işdə çalışmaq, düzgün və yetərincə istirahət etməmək də yırtıqların əmələ gəlməsini artırır. Əmələ gələn yırtıqlar isə onurğa kanalından çıxan sinirləri və onurğa beyninin özünü sıxaraq şiddətli ağrılara gətirir. Vaxtında müdaxilə edilməzsə, əməliyyata qədər gətirib çıxarda bilər. Azərbaycana son 4-5 ildə beyin cərrahiyyəsində endoskopik əməliyyatların da sayı artıb. Əvvəllər hipofiz adenomalarını götürmək üçün açıq beyin əməliyyatı aparılırdı. Bu, daha ağır əməliyyat sayılırdı. İndi artıq endoskopik üsulla burundan daxil olub həmin şişi götürmək mümkündür. Yəni qapalı cərrahiyyə üsulunun tətbiqi hipofiz vəzi şişlərinin əməliyyatını artırıb.
– Azərbaycanda beyin cərrahiyyəsi sahəsindəki vəziyyət sizi qane edirmi?
– Uzmanlıq təhsili aldığım yerlə müqayisə edəndə hələ ki, tam qane etmir. Çünki orada istər maddi-texniki baza, istər personal hazırlığı yüksək səviyyədə təşkil olunmuşdu. Amma bizim də üzərimizə düşən vəzifə qazanılmış təcrübələri Azərbaycanda tətbiq etməkdir. Bu işdə də xəstəxanamızın rəhbərliyi bizə hər cür köməklik göstərir.
– Gənc yaşda beyin cərrahiyyəsi üzrə uzmansız. Sizcə, xəstələr daha çox cavan, yoxsa nisbətən yaşlı həkimlərə etimad göstərir?
– Dəfələrlə olub ki, müraciət edən pasientə hansısa tövsiyə verəndə və yaxud əməliyyatın gedişi ilə bağlı məlumat verəndə xəstə “kimin yanına gedək” deyə soruşur. Bəzən özümə də gülməli gəlir. Amma biləndə ki, əməliyyatı mən edəcəm, təəccüblənirlər. Cavan həkimə adamlar bir qədər ehtiyatla yanaşırlar. Düşünürlər, əgər gəncsənsə, deməli, təcrübəli deyilsən. Amma həkim cərrahdırsa, təcrübəli olmalıdır. Uzmanlıq təhsili aldığım müddətdə iştirak etdiyimiz əməliyyatların statistikasını aparmışıq. Çünki təhsili başa vurduqdan sonra professorlara hesabat verirdik. Professorlar təqdim etdiyimiz statistikanı araşdırırdı. 5 il ərzində minə yaxın əməliyyatlarda iştirak etmişəm. Zənnimcə, bu, kifayət qədər böyük təcrübədir.
– Beyin cərrahiyyəsində hansısa yenilikləriniz olubmu?
– Xüsusi olaraq hansısa yeniliyə imza atmamışam. Amma əvvəllər Azərbaycanda endoskopik əməliyyatlar edilmirdi. Son illər bu əməliyyat uzmanlarla bərabər həyata keçirilir. Hipofiz adenoması ilə yanaşı uşaqlarda hidrosefaliya (başın böyüməsi, beyində suyun toplanması) əməliyyatları endoskopun ən çox istifadə olunduğu əməliyyatlardır. Endoskopla beyinə kiçik dəlik açmaqla hidrosefaliyanı müalicə etmək mümkündür. Azərbaycanda ayrıca uşaq beyin cərrahiyyəsi ixtisası yoxdur. Türkiyədə neyrocərrahlar dərnəyində xüsusi olaraq uşaq beyin cərrahları üçün təşkilati kurslar var idi. Bu kursu bitirənlərə ayrıca sertifikat təqdim edirdilər. Uzmanlıq təhsili əsnasında mən də bu kursu bitirənlərdən biri oldum. Marağım əsasən pediatrik beyin cərrahiyyəsinədir. Azərbaycanda uşaq beyin cərrahiyyəsini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Hazırda biz uşaqlar üzərində beyin əməliyyatları da edirik.
– Əməliyyatdan sonra xəstə nə qədər müddətə sağalır?
– Xəstələrin sağalma müddəti onların keçirdiyi əməliyyata görə dəyişir. Yırtıq əməliyyatından iki gün sonra xəstələr evə yazılırsa, açıq beyin əməliyyatı keçirən xəstələr evə bir həftə sonra buraxılır. Endoskopik əməliyyat olunan xəstələri isə üç-dörd gün sonra evə yazırıq. Əməliyyatdan 10-15 gün sonra xəstələrin yaraları sağalmış olur və tikişləri sökülür. Evə yazılan xəstələr təxminən bir ay sonra normal həyata qayıdırlar.
– İnsan nə qədər koma vəziyyətində qala bilər? Uzun müddət komada qalmış insanın sağalma şansı varmı?
– Komadan ayılma müddətini söyləmək çətindir. İlk növbədə insanın komaya düşmə səbəbini müəyyən etmək lazımdır. Komaya müxtəlif səbəblərdən düşmək olur. Məsələn, beyin şişləri, beyin qanaması, insanın keçirdiyi kəllə-beyin travması və eləcə də müxtəlif səbəblər sadalamaq olar. Burada xəstənin yaşı və orqanizminin sağlamlığı çox önəmlidir. Əgər xəstə gənc və orqanizmi sağlamdırsa, komadan çıxma şansı daha çoxdur. Amma yaşlı və çoxlu travma almış xəstənin komadan çıxma şansı bir qədər aşağıdır. Bəzən təcrübədə gənc xəstənin aylar uzunu sürən komadan ayılmasına da rast gəlmişik. Amma komadan oyanan insan əvvəlki insan olurmu – bu, bir qədər müəmmalıdır. Çünki koma vəziyyəti insanın beyninə təsirsiz ötüşmür. Komadan tez ayılanlar daha yaxşı sağalırlar. Bəzən elə olur ki, beyin qabığının zədələnmə dərəcəsindən asılı olaraq pasient ayılsa da, onda mental aktivlik çox zəifləyir və ya heç olmur. Buna tibdə vegetativ hal deyilir.
Bəzən xəstənin başında böyüyən şişdən xəbəri olmur, “başımda ağrı var” deyib heç nə olmamış kimi gəzir. Şiş beyini sıxışdırır və anidən şişin içində qanama olur. Bu insanı komaya salır. Erkən müdaxilə nəticəsində şiş beyindən çıxarılır və pasient normal həyata dönür. Bizim 30 yaşlarında belə bir xəstəmiz olmuşdu. Komada olan xəstənin beyni kompüter tomoqrafiyası ilə müayinə edildi və beyindəki şişdə qanama baş verdiyi aşkarlandı. Təcili əməliyyata götürülən xəstə ertəsi gün oyanıb danışmağa başladı. Əgər səbəb bəllidirsə, erkən müdaxilə nəticəsində xəstəni komadan çıxarıb həyata qaytarmaq mümkündür.