Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP-nin həbsdə olan gənc üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Vəkil Əsabəli Mustafayev “Azadlıq” radiosuna deyib ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Amma Fuad Əhmədli bildirib ki, ittiham aktı ilə tanış deyil. Vəkil qeyd edib ki, qanunvericiliyin tələbinə görə, cinayət materialları təqsirləndirilən şəxsə ən geci məhkəmə prosesi başlanmazdan bir həftə öncə verilməlidir. İndiki halda isə bu materiallar Fuad Əhmədliyə aprelin 10-da verilib. Bu, qanunvericilik tələbinin pozulması deməkdir”.
Əsabəli Mustafayev bildirib ki, Fuad Əhmədlinin ittiham aktı ilə tanış ola bilməsi üçün məhkəmə iclası aprelin 25-dək təxirə salınıb.
Fuad Əhmədli ötən il avqustun 18-də Bakıda saxlanıb. Əvvəlcə ona Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 2017-ci ilin martında isə ittihamlar ağırlaşdırılıb, cəbhəçi gəncə hər iki maddənin 2-ci bəndləri ilə, yəni 302.2 və 308.2-ci maddələrlə yeni məzmunda ittiham verilib. Əvvəlki maddələrin birində 2, o birisində 3 ilədək həbs cəzası nəzərdə tutulurdusa, yeni ittihamların sanksiyasında 8 ilədək cəza var.
Eyni zamanda ibtidai istintaqın gedişi zamanı Fuad Əhmədlinin işi həbsdə olan AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin işi ilə bir icraatda birləşdirilib. Faiq Əmirli ötən il avqustun 20-də Bakıda tutulub. İstintaq onu ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın nümayəndəsi kimi təqdim edir, dini düşmənçiliyin salınması, dini məzhəbləri yaymaq adı altında vətəndaşların hüquqlarını pozan qrup təşkil etməkdə günahlandırır.
AXCP hər iki həbsin siyasi xarakterli olduğunu bəyan edir.