“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Aprelin 14-də müzakirəyə çıxarılacaq layihədə siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı verilir.
APA-nın məlumatına görə, həmin yerlər bunlardır:
– təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
– səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək);
– mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
– idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
– restoranlar, kafelər, barlar daxil olmaqla ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
– ticarət obyektləri;
– məişət obyektləri;
– sosial xidmət müəssisələri;
– yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
– teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
– uşaq meydançaları;
– yerüstü qapalı və yeraltı piyada keçidləri;
– müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri;
– metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
– hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
– tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalar və avtobusların dayanacaq məntəqələri;
– liftlər və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerləri;
– taksofonlar;
– yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr.