Pakistanın Azərbaycana isti münasibətinin kökündə nə durur? Bu ölkə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. 12 dekabr 1991-ci ildə Azərbaycanı müstəqil dövlət kimi tanıyan Pakistan 9 iyun 1992-ci ildə Azərbaycanla diplomatik əlaqələr qurub, 12 mart 1993-cü ildə Bakıda səfirlik təsis edib. İndiyə qədər iki ölkə arasında 30 sənəd imzalanıb.
Pakistan Xocalı qırğınını soyqırımı kimi tanıyan ilk dövlətlərdəndir (1 fevral 2012-ci il) və Azərbaycan ərazilərini işğal edən Ermənistanla diplomatik münasibətlər qurmayıb.
Novator.az-a danışan şərqşünas alim Aida Qəmbər Pakistan-Azərbaycan münasibətlərinin tarixi köklərinə nəzər salıb: “Pakistan gənc dövlətdir, 1947-ci ildə müstəqil ölkə kimi dünya siyasi xəritəsinə daxil olub. O dövrə qədər indiki Pakistan əraziləri Hindistana bağlı idi. Azərbaycan Səfəvilər, Hindistan Böyük Moğol dövlətinin tərkibində olanda sıx şəkildə mədəni, iqtisadi, siyasi əlaqələr yaranıb. O vaxt Hindistandan gələn tacirlər Bakıda, Şamaxıda və digər böyük şəhərlərdə məskən salır, gətirdikləri malları karvansaralarda satırdılar. Bu tacirlər Azərbaycandan Hindistana əsasən ipək və misgərlik məmulatları aparırdılar. Hər iki bölgə Şərq dövlətlərinin bir çoxunu birləşdirən İpək yolu üzərində yerləşirdi. Bu da onların həm iqtisadi-ticari, həm də siyasi münasibətlərinə müsbət təsir edirdi.
İçərişəhərdə Multanı karvansarası deyilən yer vardı. Hindistanda, indiki Pakistan ərazisində isə Multan şəhəri olub. Oradan gələn tacirlərin bir çoxu İçərişəhərdəki Multanı karvansarasında yerləşib. Bizimkilər onların dilini anlamadığından xalq arasında “moltanı dili” kimi bir ifadə yaranıb. Kimsə dolaşıq danışanda deyirlər, “elə bil moltanı dilində danışır”. Bu kəlmənin tarixi o dövrə gedib çıxır.
1992-ci ildə Pakistan və Azərbaycan arasında qurulan diplomatik əlaqələr zamanı hər iki ölkə həmin o tarixi köklərə böyük qiymət verdi. Ümumiyyətlə, Pakistan dövlətinin xarici siyasətində islam həmrəyliyi xətti, müsəlman ölkələri ilə sıx siyasi-iqtisadi münasibətlərin qurulması və qorunub saxlanması mühüm yer tutur. Bu da onu bizim ölkə ilə birləşdirən bir amildir.
Üçüncü önəmli amil: bizim Qarabağ problemi olduğu kimi Pakistanın da Kəşmir problemi var. Bu problemlərin kökü müxtəlifdir, amma hər iki ölkənin qonşusu ilə – Pakistanın Hindistanla, Azərbaycanın Ermənistanla münaqişədə olması Pakistan-Azərbaycan münasibətlərinin yaxınlaşmasına əlavə təsir göstərir. Pakistan Dağlıq Qarabağ problemi ilə bağlı dünya səviyyəsində – BMT, İslam Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq və regional qurumlar səviyyəsində hər dəfə Azərbaycanın mövqeyini dəstəkləyir. Hərbi-siyasi münasibətlər indi də inkişaf edir.
Amma düşünürəm ki, Pakistan-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək üçün böyük potensial var. Baxmayaraq neçə ildir diplomatik əlaqələr qurulub, hər iki ölkə mövcud potensialdan, bütün şanslardan lazımi qədər istifadə etmir”.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli Novator.az-a deyib ki, 1993-cü il aprelin 30-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib: “Həmin qətnamədə işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsi tələbi yer alıb və bu, BMT Təhlükəsizlik Şurasının sonrakı sənədlərində də əksini tapıb”.
Tarixçi alim ikitərəfli münasibətlərin xronikasına da diqqət çəkib: “1995-ci ilin oktyabrında Pakistan prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub, bir sıra sənədlər, o cümlədən Azərbaycan və Pakistan hökumətləri arasında birgə komissiyanın yaradılması haqqında protokol, əməkdaşlıq haqqında müqavilə imzalanıb.
9 aprel 1996-cı ildə isə Azərbaycan prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub, 9 sənəd imzalanıb.
Prezident İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır. 2005-ci il aprelin 12-də İlham Əliyev Pakistana rəsmi səfər edib, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb.
Bu iki dost və qardaş xalq çətin anlarda həmişə bir-birinin yanında olub. 2007-ci ildə Pakistanda baş vermiş zəlzələ zamanı Azərbaycan bu ölkəyə həkimlər qrupu, xeyli dərman, avadanlıq, təlim keçmiş xilasedici dəstə göndərib, Pakistana 1,5 milyon dollar həcmində maddi yardım edilib. Heydər Əliyev Fondu Pakistanın zəlzələdən dağılmış Müzəffərabad şəhərində müasir orta məktəb inşa etdirib.
İki ölkə arasında siyasi və mədəni münasibətlərin yüksələn xətlə inkişaf etməsinə baxmayaraq bu sözləri hələlik iqtisadi əlaqələr barəsində demək mümkün deyil. Qarşılıqlı iqtisadi münasibətlər hələ ki, ləng inkişaf edir və mövcud imkanlardan tam istifadə olunmur”.