Bir müddətdir ölkənin bəzi media orqanının saytına sərbəst giriş qapanıb. “Azadlıq” radiosunun Azadliq.org saytına, çap versiyası ötən ilin sentyabrında dayanmış “Azadlıq” qəzetinin Azadliq.info saytına, Abzas.net saytına, xaricdə fəaliyyət göstərən “Meydan TV” internet televiziyasının Meydan.tv saytına giriş yalnız “proksi server” adlanan xidmətləri həyata keçirən saytlar vasitəsilə mümkündür.
“Proksi” (proxy) ingiliscədən tərcümədə “başqa addan istifadə etmək” mənasını verir. Belə xidmətləri həyata keçirən saytlar istifadəçiyə bloklanmış saytlara daxil olmaq imkanı yaradır.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Novator.az-a açıqlamasında bildirib ki, hakimiyyət oxuculara doğru informasiya çatdırılmasının qarşısını almağı hədəfləyib və bəzi saytlara sərbəst girişin qapadılması da bununla bağlıdır: “Baxmayaraq ki, XXI əsrdə yaşayırıq, çox şey əlçatandır. Dünyanın harasından olsa, oxucu baş verən hadisədən bir anda agah olur. Ölkənin inkişafı, əhalinin problemləri qalıb bir yanda, belə ucuz işlərlə məşğuldurlar. İnformasiya əsrində ona çıxışı hədəfləmək, daim şikayətləndikləri blokadanı yarmaq, çağdaş vasitələrdən daha çox yararlanmaq əvəzinə orta əsrlər dövrünə qayıdırlar. Hər şey qapalı olmalıdır, oğurluğun, korrupsiyanın üstü açılmamalıdır, ölkənin sərvətini beş-üç adam talamalı, başqaları, toplum bunu bilməməlidir.
Çox bəsit yanaşmadır, amma istəklərinə qismən də olsa çata bilirlər. O biri saytları bilmirəm, Azadliq.info-ya giriş sayı xeyli aşağı düşüb. Məsələn, bloklamadan qabaq giriş sayı 25-30 min arasında dəyişirdisə, bloklamadan sonra bu say 3-5 min aralığındadır. Düzdür, “proksi server” xidmətini həyata keçirən saytlarla, VPN (Virtual Private Network – virtual fərdi şəbəkə) sistemi ilə, yaxud başqa vasitələrlə Azadliq.info-ya rahat girmək olur, ancaq çox adam bunları bilmir axı. “Azadlıq” radiosunun saytına internet senzurasından yayınmaq üçün düşünülmüş “Psiphon 3” vasitəsilə çox rahat şəkildə girmək olar. Ancaq buna da vaxt gərəkdir, bu vasitələri geniş kütlə arasında yaymaq gərəkdir. “Facebook”un imkanlarından yararlanıb bu işi aparanlar var.
“Demokratiyada çarə tükənməz” sözləri burda yerinə düşür, yəni bu sayaq rejimlər nə qədər pis yollara əl atsalar da, ona qarşı çıxmaq üçün vasitələr var. Başqaları bunu düşünüblər, sağ olsunlar, biz də ondan yararlanırıq. Sadəcə bir az zəhmət çəkib bu yenilikləri xalqa çatdırmalıyıq. Son günlər giriş sayı bir qədər artıb, düşünürəm ki, bu da dediyimiz həmin vasitələrin internet istifadəçilərinə çatdırılması hesabına olub. Ümid edirik ki, say getdikcə artacaq və nəticədə hakimiyyət saytları bloklamaq üçün başqa yollar və üsullar üzərində baş sındırmalı olacaq”.
Rövşən Hacıbəyli yaranmış vəziyyətdən çıxış yolları axtarıldığını, amma ən yaxşı çıxış yolunu hakimiyyətin islah olunmasında gördüyünü vurğulayıb: “Müxalifətçiləri, gənc fəalları, jurnalistləri, yazarları bloklamaqla sözün qarşısını almağı düşünmək çox yanlış yoldur. Ölkəyə faydası olan işlərə vaxt ayırmaq daha doğru olar. İki beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşan hakimiyyətin bu tip addımı öz əleyhinə işləyəcək. Gələn jurnalistlərin heç də hamısı onların istədiyini yazmayacaq. Gözəl bəzədilmiş hasarların arxasına da keçən olacaq. Çirkabın üstünü örtməklə onun qoxusunun qarşısını almaq olmaz”.
Emin Milli: “Bütün mümkün variantlardan istifadə etməyə çalışırıq”