Bakıda tullantıların təkrar emalı ilə məşğul olan “Təmiz Şəhər“ ASC mart ayında belə bir məlumat yaydı ki, tullantılar arasından aşkarlanaraq toplanan pulları xeyriyyə məqsədi ilə istifadə edib. Məlumata görə, “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı 6-7 ay ərzində tullantılar arasından ümumilikdə 120 kiloqramdan çox müxtəlif nominallı qəpiklər çeşidlənərək yığılıb. Sonra bu pullar xeyriyyə işinə xərclənib, beləliklə, pulların həm də dövriyyəyə qaytarılması təmin edilib.
“Təmiz Şəhər” ASC xeyriyyə aksiyasını “ASAN məktub” layihəsi vasitəsilə reallaşdırıb. Cəmiyyətin əməkdaşları “ASAN xidmət”in nümayəndələri ilə birlikdə müəyyən geyim əşyaları, oyuncaq istəyində olan və “ASAN məktub” layihəsinə müraciət edən 24 uşaq üçün velosiped, məktəbli formaları, çantalar, kostyumlar və başqa hədiyyələr alaraq onları Novruz bayramı ərəfəsində həmin uşaqlara çatdırıblar.
Novator.az bununla bağlı bəzi suallarla “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinə müraciət edib.
– “Təmiz Şəhər” ASC-nin tullantılar arasından yığdığı pulları xeyriyyə işinə xərcləməsi çox təqdirəlayiq hadisədir. Amma bu məsələnin başqa tərəfləri də var. Zibillikdə pul nə gəzir? Cəmiyyət əməkdaşlarının müşahidələri nə göstərir: bu təsadüfdür, yoxsa pullar bilərəkdən zibilliyə atılır?
– Qəpiklər əksər halda təsadüfən tullantılara qarışır. Tullantılar arasından toplanan bu vəsait hesabına xeyriyyə aksiyaları təşkil etməkdə məqsədimiz qəpikləri yenidən dövriyyəyə qaytarmaq və müəyyən əşyalara ehtiyacı olan insanları sevindirməkdir.
– Zibilliklərdən əsasən hansı nominallı qəpiklər tapılır?
– Tullantılar arasında bütün nominallı qəpiklər aşkarlanır.
– Tullantılar təkrar emal edilərkən qəpiklər necə aşkara çıxarılır? Xahiş edirik texnoloji baxımdan bunun necə müəyyən olunduğuna, yəni qəpiklərin digər tullantılardan necə ayrıldığına aydınlıq gətirəsiniz.
– Ən son alman texnologiyası ilə inşa edilən yarımavtomatik Balaxanı Bərk Məişət Tullantıların Çeşidlənməsi Zavodunda tullantıları daşıyan konveyerin üzərində xüsusi maqnit separatoru mövcuddur. Məhz bu qurğu vasitəsi ilə metal əşyalar, həmçinin qəpiklər ümumi kütlədən ayrılır.
– Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 6-7 ay ərzində 120 kiloqramdan çox müxtəlif nominallı qəpiklər toplanıb. Bu ümumilikdə nə qədər vəsait deməkdir?
– 1155 manat.
– Məlum olduğu kimi, “Təmiz Şəhər” ASC ətraf mühitin qorunması, tullantıların idarə edilməsi ilə bağlı ictimaiyyəti maarifləndirən müxtəlif layihələr də həyata keçirir. Zibilliyə pul atılırsa, bunun qarşısını almaqla bağlı da hansısa maarifləndirməyə ehtiyac varmı?
– Biz il boyu tullantıların idarə olunması və səmərəli istifadə edilməsi ilə əlaqədar seminarlar, ustad dərsləri, mühazirələr, yay məktəbləri, müsabiqələr, sərgilər və digər maarifləndirici tədbirlər həyata keçiririk və bu tədbirlər çərçivəsində qəpiklərin tullantıya atılmaması barədə də maarifləndirmə işləri aparılır.