Milli Məclisin 7 aprel iclasında İnzibati Prosessual Məcəlləyə dəyişikliklər edilib. Yeniliklərdən birinə görə, maliyyə bazarlarına nəzarət orqanının banka müvəqqəti inzibatçı təyin etməsi, bankın lisenziyasının ləğvi və bankın rezolyusiyası çərçivəsində qəbul olunmuş digər qərarları məhkəmədə ləğv edilə bilməz.
Maliyyə Bazarlarına Nəzarət Palatasına belə səlahiyyət verilməsi Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin kəskin etirazına səbəb olub. Novator.az-ın məlumatına görə, “Yeni Müsavat” qəzetinin 10 aprel sayına müsahibəsində deputat deyib: “Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların lisenziyasını ləğv etmək səlahiyyəti vardı. Amma İnzibati Prosessual Məcəllədə indi belə bir yeni müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, onda qərar yenə qüvvədə qalır. Yəni məhkəmə qərarı qanunsuz hesab edir, amma ləğv edə bilmir”.
Qüdrət Həsənquliyev hesab edir ki, bu, absurddur, hüquqi nihilizmdir: “Burada konstitusiyanın bir neçə müddəası pozulur. Konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Bundan başqa konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?! Beləliklə, biz səlahiyyət həddini aşdıq.
Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. Biz İnzibati Prosessual Məcəlləyə sözügedən dəyişikliyi qəbul edəndən sonra belə çıxır ki, vətəndaş ona məxsus bankın qanunsuz bağlandığını düşünərsə, o zaman bankın bərpası ilə bağlı iddia qaldıra bilməz. Yalnız kompensasiya iddiası qaldıra bilər. Konstitusiyanın 60-cı maddəsi də kobud şəkildə pozulur. Sən vətəndaşa deyə bilməzsən ki, sən hansı iddianı qaldır. Yəni bu, vətəndaşın hüququdur.
Məni dəhşətə gətirən o oldu ki, Milli Məclisdə bütün bunları dediyim halda heç bir reaksiya verilmədi. Verildi e, qanunsuz reaksiya… Bəzi deputat həmkarlarım hüquqşünas peşələrinə xəyanət etdilər, açıq şəkildə konstitusiyaya zidd müddəanı dəstəklədilər. Orada savadlı hüquqşünaslar var, onlar başa düşürlər ki, nə baş verir. Amma qanun layihəsi hökumətdən gəldiyinə görə ona dəstək verdilər. Konstitusiyada vətəndaşın əmək hüququ var – 35-ci maddə. Yəni istənilən peşə ilə məşğul olmaq hüququ var. Məsələn, mən də özümə bank fəaliyyəti ilə məşğul olmaq seçimini etmişəm. Bankım var, ancaq sən mənim bankımı bağlayırsan ki, “daha bank fəaliyyəti ilə məşğul olma!” Özü də qanunsuz deyirsən, məhkəmə də bunun qanunsuz olduğunu sübut edir. Bu da vətəndaşın növbəti konstitusion hüququnun pozulmasıdır”.
Deputat İnzibati Prosessual Məcəllədə bu yeniliyin ölkənin iqtisadiyyatına zərər vuracağını düşünür: “Belə şəraitdə hansı investor Azərbaycana investisiya qoyar? Bank xırda bir müəssisə deyil ki, gəlib bağlasınlar, ya köşk kimi götürsünlər. Əgər bank bağlanırsa və qərar qanunsuzdursa, şəxs onu ləğv etdirə bilmirsə, bu ölkəyə kim investisiya qoyar, hansı ağlı başında olan adam bura yatırım qoyar? Heç kim qoymaz. O şirkətlər pul yatıra bilər ki, məsələn, BP kimi şirkətlər, onlar özlərini dövlətdən də güclü sayırlar və düşünürlər ki, onların əmlakını heç kim ala bilməz. Amma kiçik kompaniyalar belə faktları görəndən sonra inanmıram ki, bizə vəsait xərcləsinlər.
Guya ki, bu, bank sektorunda nizam-intizamın yaradılmasına xidmət edir. Əslində bu, bank sektoruna vurulan böyük zərbədir. Dünyada ən pis əməllər də müəyyən adlar altında edilir. Heç kəs demir ki, mən filan işi pis niyyətlə edirəm. Mən hesab edirəm ki, bu, ölkədə bank sektoruna və ümumiyyətlə, iqtisadiyyata ciddi zərbə vuracaq. Həmçinin sahibkarlığa böyük zərbədir”.
Qüdrət Həsənquliyev qanuna yeniliyin qarşısını prezidentin ala biləcəyini qeyd edib: “Bunun qarşısını ancaq prezident ala bilər. Ancaq prezidentə də bunu kimsə məruzə etməlidir. Onu kim məruzə edəcək? Məni bu məsələdə ən çox düşündürən və narahat edən odur ki, bizim Prezident Aparatında (Prezident Administrasiyası – red.) nəyin qarşılığında onlar bu cür açıq-açığına konstitusiyaya zidd dərkənar qoyurlar və prezidentin masasının üstünə göndərirlər? Məsələn, Natiq Əmirovla (prezidentin iqtisadi islahatlar üzrə köməkçisi – red.) Rüfət Aslanlını (Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri – red.) başa düşmək olar, onlar hüquqşünas deyillər. Onlar belə bir təşəbbüslə çıxış edə bilərlər, bəs, oradakı hüquqşünaslar niyə susurlar, bax, bu, düşündürcüdür. Mən xatırladım, bir vaxtlar Ramiz Mehdiyev dedi ki, Prezident Aparatında işə götürməyə savadlı hüquqşünas tapa bilmirik. Görünür, Prezident Aparatında savadlı hüquqşünas problemi ciddiyyəti ilə qalır. Bu qərarla ölkənin imicinə çox böyük zərbə vurublar. Bunu kimsə məruzə etsə, inanmıram ki, prezident belə bir qanuna imza atacaq. Bu həm iqtisadiyyatımıza, həm ölkəmizin imicinə ziyandır, həm də vətəndaşlarımızın maraqlarına birbaşa toxunur”.