Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə milli koordinatoru Vilayət Eyvazov aprelin 7-də Milli Məclisə 2016-cı ilin hesabatını verib. “Report”un məlumatına görə, o bildirib ki, keçən il Azərbaycanda 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib.
Hesabata əsasən, cinayətlərin qurbanı olmuş hər bir şəxsə 400 manat məbləğində birdəfəlik müavinət verilib, onların 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün yardım mərkəzində 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, 7 uşaq Azərbaycan Uşaq Birliyinin nəzdindəki sığınacağa yerləşdirilib”.
Vilayət Eyvazov bildirib ki, qurbanların sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb.
Nazir müavini vurğulayıb ki, 2016-cı ildə Azərbaycanın şəhər və rayonları üzrə tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 6 məcburi əmək cinayəti müəyyən edilib: “Əcnəbilərin əmək istismarına cəlb olunması faktı aşkar edilməyib. Bunda ölkədə yaşama və olma qaydalarını pozan 26435 əcnəbi və vətəndaşlığı olmayan şəxsin aşkarlanaraq barələrində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülməsinin, o cümlədən 5523 nəfərin ölkədən çıxarılmasının da böyük əhəmiyyəti olub.
Ərazi polis orqanları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin reydləri zamanı küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənib.
Övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub, habelə uşaqlara müvafiq qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara baxılması üçün 300 material göndərilib. Övladlığa götürülmüş 200-dən çox uşağın qəyyumluğa və himayəyə verildiyi ailələrdə yaşayış şəraiti də yoxlanaraq zəruri sosial və tibbi yardımla əhatə olunmaları təmin edilib”.