Azərbaycanın Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları bütünlüklə, Xocavənd, Ağdam, Füzuli, Cəbrayıl rayonları və keçmiş Ağdərə rayonu qismən erməni işğalı altındadır. Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının 1 kəndi zəbt olunub.
Novator.az bununla bağlı qısa arayışı təqdim edir.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayır. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilir.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan rayonunun (Şaumyan rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir) ərazisini “müstəqil dövlət” elan edir. Bunun ardınca işğalçı müharibə alovlanır, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər bir-birinin ardınca ermənilərin əlinə keçir.
Noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunur. Parlament tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırır. Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir.
1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhəri işğal edilir. İşğal zamanı 613 nəfərin həyatına son qoyulur.
Martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefa verir. Prezident səlahiyyətləri parlament sədri Yaqub Məmmədova keçir.
Mayın 8-9-da Şuşa şəhəri işğal olunur.
Mayın 14-də parlamentin qərarı ilə Ayaz Mütəllibov prezident kürsüsünə qaytarılır.
Mayın 15-də Xalq Cəbhəsinin başçılıq etdiyi etirazlarla Ayaz Mütəllibov bir daha hakimiyyətdən uzaqlaşdırılır.
Mayın 17-də Laçın şəhəri işğal olunur, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçir.
Mayın 18-də Xalq Cəbhəsi hakimiyyətə gəlir, İsa Qəmbər parlament sədri seçilərək prezident səlahiyyətlərini icra edir. İyunun 7-də Əbülfəz Elçibəy prezident seçilir, iyunun 17-də səlahiyyətlərinin icrasına başlayır.
İyunun 14-də keçmiş Şaumyan rayonu erməni işğalından tam azad edilir.
İyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçir, sonra rayonun böyük hissəsi azad olunur, Tərtər-Kəlbəcər yolu açılır.
Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülür.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilir.
1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürür, Tərtər-Kəlbəcər yolu yenidən bağlanır.
Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilir, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçir.
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırır. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələnir. İyunun 15-də Heydər Əliyev parlament sədri seçilir. İyunun 24-də Milli Məclis Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərar çıxarır, prezident səlahiyyətləri Heydər Əliyevə keçir.
İyunun sonu, iyulun əvvəli ermənilər Ağdərə şəhərini yenidən zəbt edir.
İyulun 23-də Ağdam şəhəri işğal edilir.
Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olunur.
Avqustun 29-da keçirilən referendumda Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi rəsmiləşir.
Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu işğal edilir.
Oktyabrın 3-də Heydər Əliyev prezident seçilir.
Oktyabrın 29-da Zəngilan rayonu işğal edilir.
1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilir.
Mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi imzalayır.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edir…