2014-cü ilin yayında yaradılan Azad Demokratlar Partiyası hələ də dövlət qeydiyyatına alınmayıb. Partiya sədri Sülhəddin Əkbər Novator.az-a bildirib ki, Ədliyyə Nazirliyinə beş dəfə müraciət ediblər, amma hər dəfə imtina cavabı alıblar: “Buna görə məhkəməyə üz tutduq. Bütün instansiyalar – İnzibati-İqtisadi Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə müraciətimizə baxıb, amma qeydiyyat səylərimiz nəticəsizdir. Ötən ilin iyun ayında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermişik”.
Sülhəddin Əkbər qeyd edib ki, Azad Demokratlar Partiyasını qeydiyyata almamaq üçün gülünc səbəblər gətirilir: “Burada əsas maneə siyasi səbəblərdir. Azərbaycan hakimiyyəti heç bir siyasi partiyanın yaranmasında maraqlı deyil. Axırıncı dəfə siyasi təşkilat 6 il əvvəl qeydə alınıb. Bizim təşkilatımız öz proqramına görə liberal demokratik, dinc demokratik mübarizə üsullarını əsas götürən partiyadır. Buna baxmayaraq partiyanı rəsmi dövlət qeydiyyatına aldıra bilmirik”.
56 yaşlı Sülhəddin Əkbər milli azadlıq hərəkatının liderlərindəndir. Elçibəy hakimiyyətində (1992-1993-cü illər) milli təhlükəsizlik nazirinin birinci müavini postunda çalışıb. 1992-ci ildən Müsavat Partiyasının liderlərindən olub, 2012-ci ildən Açıq Cəmiyyət Partiyasına rəhbərlik edib.
Novator.az bildirir ki, 2011-ci ildən sonra Azərbaycanda heç bir partiya qeydiyyata alınmayıb. Sonuncu dəfə – 31 may 2011-ci ildə Milli Dirçəliş Hərəkatı Partiyası qeydiyyata götürülüb.
Siyasi partiyaların dövlət qeydiyyatına alınması Ədliyyə Nazirliyinin səlahiyyətindədir. Hazırda ölkədə 55 partiya dövlət qeydiyyatındadır.
1993-cü ildə qeydiyyata alınan Vahid Azərbaycan Partiyası 2016-cı ilin iyununda qurultay keçirərək adını dəyişib. Ağ Partiya elan edilən təşkilatın rəhbəri Tural Abbaslı Novator.az-a bildirib ki, qurultayın nəticələrini dövlət reyestrinə aldıra bilmirlər: “Sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik, üçüncü dəfədir müxtəlif bəhanələrlə prosesi uzadırlar”.
Azərbaycan İslam Partiyası qeydiyyatsız fəaliyyət göstərir. Qurum 1992-ci ildə dövlət qeydiyyatına alınıb, sonra təkrar qeydiyyatdan keçə bilməyib. Partiya funksioneri Akif Heydərli Novator.az-a bildirib ki, 1994-cü ildən bu yana daim qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə müraciət olunub, lakin məsələ həllini tapmır: “Bizim müraciətlərimiz tam cavabsız qalır. Qeydiyyata alınmamağımızın səbəbini də öyrənə bilmirik. Bu cür yanaşma onu düşünməyə əsas verir ki, 1994-cü ildə bütün siyasi təşkilatların yenidən qeydiyyata alınması təşəbbüsü məhz İslam Partiyasının rəsmi fəaliyyətinə son qoymaq istəyindən irəli gəlib”.
1992-ci il iyunun 3-də siyasi partiyalar qanunu qəbul ediləndən bəri ən çox partiyanın dövlət qeydiyyatına alındığı il həmin il olub. 1992-ci ildə 10 partiya dövlət qeydiyyatına götürülüb.
1993-ci ildə 8, 1994-cü ildə 5, 1995-ci ildə 7, 1998-ci ildə 3, 1999-cu ildə 3, 2000-ci ildə 2, 2002-ci ildə 4, 2005-ci ildə 8, 2007-ci ildə 2, 2008-ci ildə 1, 2009-cu ildə 1, 2011-ci ildə 1 partiya dövlət qeydiyyatına alınıb.