Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqçu Mehman Hüseynovun şikayətinə baxılıb.
Mehman Hüseynov bu il yanvarın 9-da Bakının Nəsimi rayonunda saxlanıb. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə saxlandığı açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Yanvarın 10-da Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovu məhkəməyə verib.
Eyni zamanda Mehman Hüseynov polislərin işgəncəsinə məruz qaldığı barədə Bakı Şəhər Prokurorluğuna şikayət edib və bununla bağlı cinayət işi başlanmasını istəyib. Prokurorluq Mehman Hüseynovun işgəncəyə məruz qalmadığı qənaətinə gəlib, ona görə də şikayəti əsassız sayaraq cinayət işinin başlanması tələbini rədd edib.
Martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu Musa Musayevin iddiası əsasında 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqçu polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib. Məhkəmə həbs qərarını çıxararkən Bakı Şəhər Prokurorluğunun Mehman Hüseynovun işgəncəyə məruz qalmadığı barədə qərarına istinad edib.
Bloqçunun müdafiəçiləri şəhər prokurorluğunun həmin qərarının ləğv edilməsi üçün Səbail Rayon Məhkəməsinə üz tutublar. Amma məhkəmə onların tələbini təmin etməyib. Nəticədə müdafiəçilər apellyasiya şikayəti veriblər.
Bloqçunun vəkilləri Fuad Ağayev və Elçin Sadıqov aprelin 6-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdən sonra jurnalistlərə deyiblər ki, məhkəmə baxışı qeyri-müəyyən vaxta təxirə salınıb. Vəkillər bildiriblər ki, hakim Qail Məmmədovun sədrliyi ilə qapalı keçirilən prosesdə Mehman Hüseynovun özü də iştirak edib. Prosesdə müdafiəçilər Səbail Rayon Məhkəməsində prokurorluğun qərarından verilmiş şikayətə baxılarkən tərtib edilən iclas protokollarında nöqsanlar aşkarladıqlarını, həmin nöqsanlarla bağlı qeydlər vermək istədiklərini deyiblər və buna görə də apellyasiya baxışının təxirə salınması üçün vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin edib. Vəkillərin qeydlərinin əsaslı olub-olmadığına münasibət bildirilməsi üçün həmin qeydlər Səbail Rayon Məhkəməsinə göndəriləcək. Səbail məhkəməsi münasibətini bildirəndən sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılacaq.
Mehman Hüseynov müxalif bloqçudur. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə Emin Hüseynova qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.