Beynəlxalq Qırmızı Xaç Komitəsinin göndərdiyi həkim REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovu müayinə edib.
Hərəkatın icraçı katibi Natiq Cəfərli sosial şəbəkədə bildirib ki, bununla bağlı məlumatı ona İlqar Məmmədov özü verib. Həbsxanadan Natiq Cəfərliyə zəng edən İlqar Məmmədov deyib ki, həkim ona kəskin osteoxondroz diaqnozu qoyub.
Məlumata görə, həkim bel ağrıları zamanı yataq şəraitində olmağı dərmanla müalicədən daha vacib saydığını söyləyib, eyni zamanda deyib ki, qidalanma da diaqnoza uyğun olmalıdır. Amma həkim İlqar Məmmədovun saxlanma şəraitində bu şərtləri gözləməyin mümkünsüz olduğunu qeyd edib.
Natiq Cəfərli deyir ki, dərmanlarla ancaq ağrıları azaltmaq olar, indi İlqar Məmmədovun ağrıları azalıb, amma tam keçməyib.
Bundan əvvəl Penitensiar Xidmətin həkimləri də İlqar Məmmədovu müayinə etmişdi. Onlar da eyni diaqnozu qoymuşdular. İlqar Məmmədov isə xaricdən gətirilən həkimin onu müayinə etməsini istəyirdi. Penitensiar Xidmət buna etiraz etməyib və Beynəlxalq Qırmızı Xaç Komitəsinin göndərdiyi həkimin İlqar Məmmədova baş çəkməsinə icazə verilib.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. İlqar Məmmədov bu qərardan Ali Məhkəməyə şikayət edib. Şikayətə noyabrın 18-də baxan Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin 29 aprel qərarını dəyişməyib.
1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.