Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, 2017-nin ilk rübündə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizə yaxın artaraq 905,3 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 12 faizə yaxın artaraq 464,2 milyon manat olub.
Rəsmi məlumatda qeyd olunur ki, fonda daxilolmaların 63,6 faizi və ya 295,3 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb, bu da keçən ilin ilk rübünə nisbətən 11,2 faiz və ya 30 milyon manat çox olmaqla proqnozun 102,5 faiz icra edildiyini göstərir.
Hesabata görə, yanvar-mart aylarında ölkə üzrə pensiyaçıların sayı bu ilin əvvəli ilə müqayisədə 0,3 faiz və ya 3771 nəfər artaraq 1 milyon 319 min nəfərə çatıb.
Əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3 faiz artaraq aprelin 1-nə 202,38 manata yüksəlib.