Vergilər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərlə bağlı məqalə yazıb. Novator.az-ın məlumatına görə, baş direktor qeyd edir ki, ikiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlətdə eyni növlü vergiyə cəlb edilməsidir: “Bu, dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir etməklə dövlətlərarası iqtisadi əlaqələrin inkişafına maneə törədir. Təbii ki, sərmayədarlar digər dövlətdə investisiya qoyaraq kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamazdan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirinin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş iki dövlət arasında iqtisadi əlaqələrin təməlini təşkil edən əsas beynəlxalq sənədlərdəndir və investorların diqqət yetirdiyi mühüm hüquqi elementdir.
Bu cür sazişlər olmadığı halda hətta böyük həcmli investisiya güzəştləri, stimullaşdırma tədbirlərinin əhəmiyyəti azalır. Çünki xarici investisiyalar üçün maksimum dərəcədə əlverişli şərait təmin edilsə belə, investor əldə etdiyi gəliri mənbə dövlətindən çıxararkən əlavə vergi ödəməli, öz ölkəsində isə təkrarən eyni gəlirdən vergi ödəməli olur. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır.
İkiqat vergitutmanın əsas yaranma səbəbləri eyni bir şəxsin hər iki dövlətdə rezident hesab edilərək onun bütün gəlirlərinin vergiyə cəlb edilməsi, yaxud həmin gəlirin yarandığı dövlətdə ödəmə mənbəyində vergiyə cəlb olunduqdan sonra rezidentlik dövlətində həmin gəlirdən bir daha vergi ödənilməsidir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin mahiyyəti bir şəxs digər dövlətdən gəlir əldə edən zaman həmin gəlir üzrə vergitutma hüquqlarının iki dövlət arasında bölüşdürülməsi ilə eyni gəlirin iki dəfə vergiyə cəlb edilməsinin qarşısının alınmasıdır.
Hüquqların bölüşdürülməsi ya hər hansı bir gəlir növünün vergiyə cəlb olunması üzrə müstəsna hüququn yalnız rezidentlik dövlətinə verilməsi; ya da gəlirin əldə edildiyi dövlətdə vergiyə cəlb edilməsi və sonradan həmin verginin rezidentlik dövlətində çıxılma və ya azadolma vasitəsilə nəzərə alınması yolu ilə həyata keçirilir.
Azərbaycanın digər dövlətlərlə imzaladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdə xaricdə ödənilmiş verginin nəzərə alınması metodu Vergi Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş çıxılma metoduna əsaslanır.
Hazırda Azərbaycan Respublikası ikiqat vergitutmanın aradan qaldırılması haqqında 53 dövlətlə saziş imzalayıb: onlardan 49-u qüvvəyə minib və tətbiq edilməkdədir. 5 dövlətlə (Sinqapur, İrlandiya, Slovakiya, Malayziya və Mərakeş) müvafiq sazişlər imzalanmaya hazırdır, 8 dövlətlə (Albaniya, Qırğızıstan, Banqladeş, Hindistan, Suriya, Türkmənistan, Portuqaliya və Oman) müzakirələr davam etdirilir, 10-dan artıq dövlətə isə layihə təqdim edilib və danışıqların başlanması gözlənir”.