Litvada əhalinin azalması mütəxəssisləri ekoloji problemlərin artması baxımından da narahat edir.
65 min kvadrat kilometr ərazisi olan Litvada 2016-cı ilin hesablamasına görə, 2 milyon 854 min nəfər yaşayır. Təkcə son 5 ildə Litva əhalisinin sayı 200 min nəfərədək azalıb. Hazırda orta hesabla Litvada əhali sıxlığı hər kvadrat kilometrə 49 nəfərdir. Ölkənin bəzi yerlərində orta sıxlıq hətta bundan da aşağıdır. İndi Litvada hər kvadrat kilometrə 2-5 adamın düşdüyü yaşayış məskənləri var.
Novator.az-ın məlumatına görə, demoqraflar, ekoloqlar, kənd təsərrüfatı mütəxəssisləri Litvanın bəzi əyalətlərini Saxara səhrası ilə müqayisə edirlər.
Litvanın Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Vidmantas Dauqirdas mediaya açıqlamasında deyib ki, ərazilərin boşalması, daha doğrusu, adamsızlaşması dövlət üçün ciddi problemə çevrilib, “Litva gələcəyin ölkəsi olacaqmı” sualı yaranıb və bu suala cavab vermək çətinləşib: “Bu proseslər təkcə bizim ölkədə baş vermir, oxşar tendensiya Avropanın başqa ölkələrində də yaşanır. Lakin Avropa İttifaqı ölkələri sırasında ən çox Litvanın əhalisi azalır. Son bir ildə Litva əhalisi 2 faiz azalıb ki, bu da artıq demoqrafik depressiya həddi deməkdir”.
Problemin təkcə demoqrafik xarakter daşımadığını önə çəkən Dauqirdas bildirib ki, kənd təsərrüfatı sahəsi dağılır, ölkədə xeyli əkin sahəsi baxımsız qalıb və bu, ekoloji fəsadlara yol açır. O, Litvanın 57 rayonundan 22-nin faktiki boş sahəyə döndüyünü, bu rayonlardan 4-nün isə baxımsız qaldığından həm də ekoloji cəhətdən çirkli əraziyə çevrildiyini vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, əkilib-biçilməyən ərazilərdə təbiət vəhşiləşir, deqradasiyaya uğrayır, ekoloji nizam pozulur: “Canlı təbiətlə ünsiyyətdə böyümüş yaşlı nəsil artıq sıradan çıxır, gənclər isə bu yolu davam etdirmək istəmirlər”.
Dauqirdas iri şəhərlərdə də vəziyyətin yaxşı olmadığını söyləyir. O, alimləri və ictimai xadimləri prosesə mane olmaq üçün hərəkətə keçməyə çağırır.
Avropa İttifaqının rəsmi statistik proqnozuna görə, 63 ilə Litva əhalisinin sayı 1 milyon 200 min nəfərədək azalacaq və 2080-ci ildə bu ölkədə 1 milyon 650 min adam yaşayacaq.
Proqnozda o da bildirilir ki, əhalisinin sayı azaldıqca Litvada ekoloji problemlər qabaracaq, iqlim dəyişkənliyinin doğurduğu çətinliklər daha aydın hiss olunacaq. Avropa İttifaqı bəyan edir ki, demoqrafik səbatsızlıq Litvanın bir dövlət kimi dünya xəritəsindən silinməsi təhlükəsini də yaradır.